Müsəlman jurnalist “Grok”u məhkəməyə verdi

ABŞ-da “Muslim Girl” platformasının təsisçisi Amani əl-Xətaxtbeh “Grok” vasitəsilə hicablı fotolarının icazəsiz dəyişdirilməsinə görə “xAI” və “X Corp.” şirkətlərini məhkəməyə verib. Jurnalist seksual xarakterli saxta təsvirlərin yayılmasına görə təzminat tələb edir.

32

ABŞ-da müsəlman jurnalist və “Muslim Girl” media platformasının təsisçisi Amani əl-Xətaxtbeh süni intellekt vasitəsilə hicablı fotolarının icazəsiz dəyişdirilməsinə və seksual xarakterli saxta təsvirlərinin yayılmasına görə İlon Maskın “xAI” şirkətini və “X Corp.” platformasını məhkəməyə verib.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin “WIRED” nəşri məlumat yayıb. İddia ərizəsi noyabrın 18-də Kaliforniyanın Şimal Dairəsi üzrə Federal Məhkəməsinə təqdim edilib. Məhkəmə qeydiyyatında işin 5:26-cv-14072 nömrəsi ilə açıldığı təsdiqlənir.

Hadisə jurnalistin 2026-cı il yanvarın 1-də Nyu-York meri Zohran Mamdaninin inauqurasiya mərasimindən paylaşdığı foto ilə başlayıb. Şəkildə Amani əl-Xətaxtbeh qara hicab və bənövşəyi kürk geyinib.

İddia ərizəsinə əsasən, “X” platformasının bəzi istifadəçiləri “Grok” süni intellektinə jurnalistin hicabını çıxarmaq, geyimini dəyişdirmək və onu seksual xarakterli təsvirlərdə göstərmək barədə sorğular göndəriblər.

Nəticədə jurnalistin razılığı olmadan dəyişdirilmiş fotolar hazırlanaraq sosial şəbəkədə yayılıb. “WIRED” nəşri həmin sorğuların və yaradılmış təsvirlərin ekran görüntülərini araşdırdığını bildirib.

“Bu, sanki kimsə real həyatda başımdan hicabımı zorla çıxarmışdı. Lakin internetdə bu görüntüləri on minlərlə insan gördü”, – deyə jurnalist yaşadıqlarını təsvir edib.

Əl-Xətaxtbehin vəkili Hillari Nappinin sözlərinə görə, “xAI” şirkəti real insanların fotolarında dini geyimlərin çıxarılmasının və razılıq olmadan seksual xarakterli təsvirlərin yaradılmasının qarşısını alan təhlükəsizlik mexanizmləri tətbiq edə bilərdi.

İddiada şirkətlər razılıq olmadan seksual təsvirlərin yayılması, məhsulun təhlükəli dizaynı, səhlənkarlıq və mənəvi zərərə səbəb olmaqda ittiham edilir.

Jurnalist Kaliforniya qanunvericiliyinə əsasən, hər qanun pozuntusu üçün 250 min dollaradək təzminat tələb edir.

Amerika-İslam Münasibətləri Şurası (CAIR) da noyabrın 19-da açıqlama yayaraq jurnalistin məhkəmə iddiasını dəstəkləyib. Təşkilat süni intellekt vasitəsilə müsəlman qadınların dini geyimlərinin icazəsiz dəyişdirilməsini ciddi təhlükəsizlik və hüquq problemi adlandırıb.

“xAI” şirkəti “WIRED”in şərh sorğusuna dərhal cavab verməyib. Hazırda məhkəmə araşdırması davam edir və iddiada irəli sürülən ittihamlar üzrə yekun qərar çıxarılmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.