Cənubi Koreyadan qeyri-adi üsul: Telefonlara göndərilən siqnalla 49 imtahan iştirakçısı aşkarlandı

Cənubi Koreyada universitetə qəbul imtahanında köçürmənin qarşısını almaq üçün bütün ölkəyə fövqəladə xəbərdarlıq göndərilib. Səssiz rejimdə də işləyən siqnallar nəticəsində qadağan olunmuş elektron cihazları təhvil verməyən 49 iştirakçı aşkarlanıb.

29

Cənubi Koreyada universitetə qəbul imtahanları zamanı köçürmə hallarının qarşısını almaq üçün qeyri-adi üsul tətbiq edilib. Ölkə üzrə mobil telefonlara göndərilən yüksək səsli fövqəladə xəbərdarlıqlar sayəsində qadağan olunmuş elektron cihazlarını təhvil verməyən 49 imtahan iştirakçısı aşkarlanıb.

MSNews.az xəbər verir ki, noyabrın 19-da keçirilən ölkə miqyaslı universitetə qəbul imtahanı (CSAT) zamanı Cənubi Koreyanın Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi xüsusi xəbərdarlıq sistemini işə salıb.

Bu barədə “SBS News” məlumat yayıb.

İlk xəbərdarlıq yerli vaxtla saat 08:30-da, imtahan başlamazdan 10 dəqiqə əvvəl göndərilib. Mesaj bütün ölkədə mobil şəbəkəyə qoşulmuş, aktiv vəziyyətdə olan telefonlara çatdırılıb.

Sistemin əsas xüsusiyyəti xəbərdarlıq səsinin telefon səssiz rejimdə olsa belə, ən azı 40 desibel yüksəkliyində və 10,5 saniyə ərzində səslənməsidir. Beləliklə, imtahan otaqlarında gizlədilmiş telefonları müəyyən etmək mümkün olub.

Cənubi Koreyanın “Korea JoongAng Daily” nəşrinin məlumatına görə, ilk xəbərdarlıqla yanaşı, gün ərzində əvvəlcədən elan edilməyən saatlarda əlavə siqnallar göndərilib.

Ümumilikdə üç xəbərdarlıq nəticəsində 49 iştirakçının təhvil verilməmiş elektron cihazı aşkarlanıb. Onlardan 31-i ilk, 11-i ikinci, 7-si isə üçüncü siqnaldan sonra müəyyən edilib.

Cənubi Koreya rəsmiləri bu tədbirin xüsusilə süni intellekt vasitəsilə köçürmə hallarına qarşı yönəldiyini bildiriblər. Ölkədə bundan əvvəl keçirilmiş başqa bir peşə imtahanında iştirakçının gizli kamera və süni intellektdən istifadə etməsi ilə bağlı qalmaqal yaşanmışdı.

Bununla əlaqədar imtahan nəzarəti də gücləndirilib. İştirakçıların eynəkləri və geyimləri gizli kameralar baxımından yoxlanılıb, imtahan mərkəzlərinə əlavə nəzarətçilər cəlb olunub.

“The Korea Times” nəşrinin məlumatına görə, gün ərzində ümumilikdə 98 iştirakçının elektron cihazlarla bağlı imtahan qaydalarını pozduğu müəyyən edilib. Bunlardan 49-u məhz fövqəladə xəbərdarlıqlar vasitəsilə aşkarlanıb.

Təhsil Nazirliyi pozuntuların araşdırılacağını, süni intellekt və gizli cihazlardan istifadə etməklə köçürmə faktları təsdiqlənərsə, daha sərt tədbirlər görüləcəyini açıqlayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.