ABŞ Qrenlandiyada yeni hərbi bazalar yaradacaq

Danimarka parlamenti ABŞ və Qrenlandiya ilə müdafiə sazişini yekdilliklə təsdiqləyib. Razılaşma Vaşinqtona iki yeni hərbi müdafiə zonası yaratmaq, “Qızıl günbəz” sistemini yerləşdirmək və strateji investisiyalar üzərində nəzarəti gücləndirmək imkanı verir.

30

Danimarka parlamenti ABŞ və Qrenlandiya ilə imzalanmış müdafiə və təhlükəsizlik sazişini yekdilliklə təsdiqləyib. Razılaşma ABŞ-nin Qrenlandiyadakı hərbi mövcudluğunu genişləndirməsinə, yeni müdafiə obyektləri yaratmasına və strateji investisiyalara nəzarətin gücləndirilməsinə imkan verir.

MSNews.az xəbər verir ki, noyabrın 19-da Danimarka parlamentində — Folketinqdə keçirilən səsvermədə 109 deputat sazişin lehinə səs verib. Əleyhinə səs verən və bitərəf qalan olmayıb. Bu barədə Danimarka parlamentinin rəsmi saytında məlumat dərc edilib.

Saziş 2026-cı il sentyabrın 22-də Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın hökumət başçısı Yens-Frederik Nilsen tərəfindən imzalanıb. Qrenlandiya parlamenti sənədi noyabrın 3-də təsdiqləyib.

Razılaşmanın əsas müddəaları aşağıdakılardır:

Hərbi mövcudluğun genişləndirilməsi. ABŞ Qrenlandiyanın cənubundakı Narsarsuaq və şərqindəki Mestersvig ərazilərində yeni hərbi müdafiə zonaları yarada biləcək. Mövcud Pituffik Kosmik Bazasının modernləşdirilməsi və genişləndirilməsi də nəzərdə tutulur. Yeni obyektlərin texniki detalları tərəflərin qarşılıqlı razılığı ilə müəyyən ediləcək.

“Qızıl günbəz” raketdən müdafiə sistemi. Saziş ABŞ-nin Arktikada hərbi imkanlarını genişləndirməsi çərçivəsində “Golden Dome” raketdən müdafiə sisteminin Qrenlandiyada yerləşdirilməsinə imkan yaradır.

Strateji investisiyalara nəzarət. NATO üzvü, NATO tərəfdaşı və ya Avropa İttifaqı üzvü olmayan ölkələrdən gələn investorlara kritik infrastruktur, təbii ehtiyatların hasilatı və digər həssas sahələrdə milli təhlükəsizliyə risk yaradan nəzarət və əhəmiyyətli təsir imkanları məhdudlaşdırılır. ABŞ bu məsələlər üzrə Danimarka və Qrenlandiya ilə məsləhətləşmələrdə iştirak edəcək.

Yerli iqtisadiyyatın qorunması. Hərbi obyektlərin tikintisi və onlara xidmət göstərilməsi ilə bağlı müqavilələrdə imkan daxilində Qrenlandiya şirkətlərinə üstünlük veriləcək. Ətraf mühitin mühafizəsi, yerli əhalinin hüquqları və ənənəvi həyat tərzinə hörmət edilməsi də sazişdə əks olunub.

Qrenlandiyanın siyasi statusu ilə bağlı müddəalar da xüsusi diqqət çəkir.

Saziş Danimarka Krallığının suverenliyini və ərazi bütövlüyünü, eyni zamanda Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyır.

Qrenlandiya gələcəkdə müstəqillik əldə edərsə, onun NATO üzvlüyünü davam etdirməsi və mövcud müdafiə öhdəliklərini qəbul etməsi nəzərdə tutulur.

Razılaşmanın müddəti məhdudlaşdırılmayıb və sənəd yalnız tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər.

Britaniyanın “Reuters” agentliyi bildirir ki, saziş Donald Trampın Qrenlandiyaya nəzarət etmək barədə əvvəlki bəyanatlarının yaratdığı diplomatik gərginlikdən sonra əldə olunub.

Parlamentlərin təsdiqi ratifikasiya üçün zəruri mərhələdir. Saziş Danimarka və Qrenlandiyanın müvafiq prosedurları tamamladığını ABŞ-yə diplomatik nota ilə bildirdiyi tarixdə hüquqi qüvvəyə minir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.