ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkilərin “ədalətli” şəkildə təşkil olunması üçün federal hökumətin seçki prosesinə birbaşa müdaxilə etməli olduğunu bəyan edib.
Ağ Evdə, Oval kabinetdə jurnalistlərə açıqlama verən Tramp, bəzi şəhərlərdə seçki prosesində “korrupsiya” hallarının yaşandığını iddia edib. Onun sözlərinə görə, səsvermə və səslərin sayılması qanuni və şəffaf şəkildə aparılmayan yerlərdə şübhələrin qarşısını almaq üçün federal hakimiyyətin birbaşa prosesə qoşulması zəruridir.
Tramp, “Seçkilərin ədalətli şəkildə keçirildiyini görmək istəyirəm,” deyə vurğulayıb.
Ağ Evin mətbuat katibi Karolayn Livitt isə Trampın “seçkilərin milliləşdirilməsi” ilə bağlı açıqlamasına aydınlıq gətirib. Livitt bildirib ki, Trampın çıxışı Respublikaçıların dəstəklədiyi “SAVE Act” qanun layihəsinə işarə edir. Sözügedən layihə federal seçkilərdə seçicilərdən vətəndaşlıq sənədi təqdim olunmasını məcburi edir.
Livitt seçici identifikasiyası tətbiqini “sağlam məntiqə əsaslanan tədbir” kimi qiymətləndirib.
ABŞ-da seçicilər aralıq seçkilər üçün 3 noyabr tarixində sandıq başına gedəcəklər. Seçkilərdə Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 35-i yenidən müəyyən olunacaq.
Tramp bundan əvvəl Respublikaçılara seçkiləri “milliləşdirmək” və “nəzarəti ələ almaq” çağırışı etmiş, bu isə Demokratların kəskin etirazına səbəb olmuşdu.