İranın Ali Dini Lideri Müctəba Xamenei müsəlman ölkələrini, xüsusilə Qərbi Asiya və Körfəz dövlətlərini “həqiqi düşməni” müəyyənləşdirərək onun planlarına qarşı birgə mübarizə aparmağa çağırıb.
MSNews.az xəbər verir ki, “Reuters” Xameneinin müraciətinin Məhəmməd peyğəmbərin mövludu ilə bağlı İslam Birliyi Həftəsi münasibətilə onun rəsmi “Telegram” kanalında yayımlandığını bildirir. İran lideri müsəlman dövlətləri arasında siyasi və digər sahələrdə əməkdaşlığın, həmçinin qarşılıqlı müdafiənin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Xameneinin sözlərinə görə, müsəlmanlar arasında parçalanmaya səbəb olan hər kəs bunu “bilərəkdən və ya bilməyərəkdən” etsə də, İslam dünyasının düşmənlərinin maraqlarına xidmət edir. O, Fələstin məsələsinə toxunaraq müsəlman ölkələrinin birlik içində olduğu halda fələstinlilərin indiki qədər köməksiz vəziyyətdə qalıb-qalmayacağını sual edib.
İran lideri xüsusilə Körfəz ərəb dövlətlərinin rəhbərlərinə müraciət edərək bildirib ki, bölgənin xalqları və hökumətləri “İslam bayrağı altında” birləşsəydilər, xarici qüvvələrin onların torpaqlarına və sərvətlərinə iddia etməyə cəsarət edib-etməyəcəyi sual doğurardı.
Xamenei çağırışında konkret olaraq belə deyib: “İslam ölkələrinin rəhbərlərinə, xüsusilə Qərbi Asiya və Körfəz ölkələrinə qəti və təkrar tövsiyəm budur: həqiqi düşməninizi tanıyın, onun planını anlayın və ona qarşı çıxın.”
Onun rəsmi kanalında yayımlanan mesajın təqdimatında isə ABŞ və İsrail müsəlmanlar arasında birliyin əsas düşmənləri kimi göstərilib. Bu ritorika İranın hazırda ABŞ və İsraillə davam edən hərbi qarşıdurması fonunda səslənib.