Almaniyanın “Bavariya” klubunun Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge komandanın ulduz futbolçusu Camal Musialanın səhhətindəki problemlər səbəbindən satılması ehtimalını istisna etməyib. Onun açıqlamaları azarkeşlər arasında geniş müzakirələrə yol açıb.
MSNews.az xəbər verir ki, “Sky Sport Germany” telekanalına müsahibəsində Rummenigge 23 yaşlı futbolçunun əvvəlki səviyyəsinə qayıtmasının çətin ola biləcəyini bildirib.
“Musialanın transferini tamamilə istisna etmək olmaz. Lakin indiki vəziyyətdə başqa bir klubun onu almaq istəyəcəyini təsəvvür etmirəm. Biz Camalın qayıdıb yaxşı oynamasında maraqlıyıq, amma maliyyə nəticələrini də nəzərə almalıyıq”, – deyə Rummenigge vurğulayıb.
“Deutsche Welle” nəşrinin məlumatına görə, Musialada bu ilin yayında qısamüddətli huş və şüur itkisi epizodları ilə müşayiət olunan nevroloji problem aşkarlanıb. Futbolçunun səhhətindəki vəziyyət onun əvvəlki idman formasına qayıdıb-qayıtmayacağı ilə bağlı suallar yaradıb.
Rummenigge Musialanın müqaviləsinin klub üçün ciddi maliyyə öhdəlikləri yaratdığını da xatırladıb. Almaniya mətbuatının məlumatına əsasən, futbolçunun 2030-cu ilə qədər qüvvədə olan müqaviləsi üzrə illik gəliri bonuslarla birlikdə 30 milyon avroya çata bilər.
Açıqlamalar futbolçuların beynəlxalq həmkarlar ittifaqı FIFPRO-nun da reaksiyasına səbəb olub. Təşkilat “Bavariya” rəhbərliyinin Musialanın müqaviləsini ictimai müzakirəyə çıxarmasından ciddi narahatlıq keçirdiyini açıqlayıb.
Qeyd edək ki, Musialanın satılması barədə rəsmi qərar qəbul edilməyib. Rummeniggenin açıqlamaları mümkün ssenarilərə və klubun maliyyə vəziyyətinə aiddir.