Avropanın 2027-ci il üzrə turizm paytaxtları açıqlandı

Avropa Komissiyası 2027-ci ilin Avropa turizm paytaxtlarını elan edib. Sloveniya paytaxtı Lyublyana və İspaniyanın Kalviya bələdiyyəsi 24 ölkədən 83 namizəd arasından seçilib.

19

Avropa Komissiyası 2027-ci ilin Avropa turizm paytaxtlarını elan edib. Sloveniya paytaxtı Lyublyana və İspaniyanın Mayorka adasında yerləşən Kalviya (Calvià) bələdiyyəsi 24 ölkədən 83 namizəd arasından qalib seçilib.

MSNews.az xəbər verir ki, Avropa Komissiyasının noyabrın 20-də yaydığı rəsmi məlumata əsasən, qaliblər noyabrın 18–19-da Brüsseldə keçirilən yekun təqdimatlardan sonra Avropa münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Müsabiqənin final mərhələsinə ümumilikdə 16 turizm istiqaməti vəsiqə qazanıb.

Lyublyana əhalisi 100 mindən çox olan şəhərlər kateqoriyasında birinci olub. Sloveniya paytaxtı ekoloji təşəbbüsləri, müasir şəhər infrastrukturu, rəqəmsal texnologiyalardan istifadəsi və turizmin inkişafında yerli sakinlərin maraqlarına üstünlük verməsi ilə fərqlənib.

“Euronews” nəşrinin məlumatına görə, Lyublyananın turizm axınlarını təhlil etmək üçün rəqəmsal məlumatlardan istifadə etməsi və ilboyu turizmi inkişaf etdirmək strategiyası da yüksək qiymətləndirilib.

İkinci qalib isə İspaniyanın Mayorka adasındakı Kalviya bələdiyyəsi olub. Əhalisi 25–100 min arasında olan turizm istiqamətləri kateqoriyasında seçilən Kalviya kütləvi turizmin mənfi təsirlərini azaltmaq, ekoloji tarazlığı qorumaq və yerli əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq istiqamətindəki təşəbbüslərinə görə fərqlənib.

Avropa Komissiyasının məlumatına görə, qaliblər 2027-ci il ərzində Avropa səviyyəsində tanıtım dəstəyi alacaq, turizm sahəsində təcrübələrini digər şəhərlərlə bölüşəcək və dayanıqlı turizm üzrə əməkdaşlıq şəbəkəsinə qoşulacaqlar.

Müsabiqənin əsas məqsədi Avropada turizmin yalnız iqtisadi gəlirlərə deyil, həm də ekoloji dayanıqlılığa, texnoloji yeniliklərə və yerli icmaların rifahına əsaslanan inkişafını təşviq etməkdir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30