Epşteyn Putinin agenti olub?

“Reuters”in araşdırması Ceffri Epşteynin Rusiya oliqarxları və Kremlin yüksəkvəzifəli şəxsləri ilə əlaqə qurmağa çalışdığını üzə çıxarıb. Lakin onun Rusiya kəşfiyyatına işlədiyinə və Putinlə görüşdüyünə dair sübut tapılmayıb.

12

ABŞ-li maliyyəçi Ceffri Epşteyn Rusiya oliqarxları və yüksəkvəzifəli Kremlin rəsmiləri ilə əlaqələr qurmağa, hətta Prezident Vladimir Putinlə şəxsən görüşməyə çalışıb. Lakin genişmiqyaslı jurnalist araşdırması onun Rusiya kəşfiyyatına işlədiyini və ya Putinlə görüşdüyünü təsdiqləyən heç bir sübut aşkar etməyib.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin noyabrın 20-də dərc etdiyi araşdırmada Epşteynin Rusiya ilə əlaqələrinin əvvəllər məlum olmayan detalları üzə çıxarılıb.

Araşdırmaya əsasən, Epşteyn 2002-ci ilin noyabrında Qisleyn Maksvell və fransalı model agenti Jan-Lük Brunellə birlikdə şəxsi təyyarəsi ilə Rusiyaya səfər edib. Səfər barədə məlumatlar uçuş qeydləri, Fransa prokurorluğunun sənədləri və hadisədən xəbərdar olan şəxslərin ifadələri ilə təsdiqlənib.

Epşteynin Rusiyaya ilkin marağı əsasən gənc qadınların və yetkinlik yaşına çatmayan qızların istismarı ilə əlaqəli olub. Sonrakı illərdə isə o, nüfuzlu rusiyalı iş adamları və dövlət rəsmiləri ilə münasibətlər qurmağa, əlaqələrindən siyasi və maliyyə imkanlarını genişləndirmək üçün istifadə etməyə çalışıb.

“Reuters”in araşdırması Epşteynin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə, Moskvanın maraqları naminə fəaliyyət göstərdiyinə və ya Putinlə görüşməyə nail olduğuna dair sübut tapmayıb.

Agentliyin jurnalistləri Epşteynin Rusiya əlaqələri barədə məlumatlı olan 20-dən çox şəxslə, o cümlədən onu şəxsən tanıyan doqquz nəfərlə danışıb. Həmçinin ABŞ Ədliyyə Nazirliyinin sənədləri, məhkəmə materialları, uçuş qeydləri və elektron yazışmalar araşdırılıb.

Epşteynin Rusiya kəşfiyyatı ilə mümkün əlaqələri barədə ehtimallardan biri Qisleyn Maksvellin atası, britaniyalı media maqnatı Robert Maksvellin keçmişdə müxtəlif ölkələrin xüsusi xidmət orqanları ilə əlaqələrdə şübhəli bilinməsi ilə bağlıdır. Lakin bu ehtimalları təsdiqləyən etibarlı dəlillər ortaya qoyulmayıb.

“Euronews” daha əvvəl dərc olunmuş sənədlərin Epşteynin Rusiya elitası ilə təmaslarını göstərdiyini, lakin onun xarici hökumət üçün işlədiyini sübut etmədiyini bildirmişdi.