Azərbaycan və İordaniya arasında qarşılıqlı viza tələbi ləğv edilib. Noyabrın 22-dən etibarən hər iki ölkənin vətəndaşları ümumvətəndaş pasportları ilə 90 günədək vizasız səfər edə biləcəklər.
MSNews.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən, yeni qaydalar hər iki ölkənin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşlarına şamil olunur.
Vətəndaşlar qarşılıqlı olaraq digər ölkənin ərazisinə viza almadan daxil ola, ölkədən çıxa və tranzit keçə biləcəklər. Vizasız qalma müddəti isə hər 180 günlük dövr ərzində maksimum 90 gün müəyyən edilib.
Qərar iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, səyahət imkanlarının asanlaşdırılması və turizmin inkişafının təşviqi məqsədi daşıyır.
Qeyd edək ki, vizasız gediş-gəliş haqqında saziş 2026-cı il iyulun 8-də Bakıda imzalanıb. Sazişin 22 noyabrda qüvvəyə minməsi ilə Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı səfər prosedurları sadələşdirilib.