Paşinyan yeni Konstitusiya layihəsini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Layihədə Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Azərbaycanla sülh prosesi baxımından mühüm əhəmiyyət daşıyır.

11

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-də ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Yeni sənəddə Azərbaycanın uzun müddətdir etiraz etdiyi 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yer almaması nəzərdə tutulur.

MSNews.az xəbər verir ki, “Armenpress” və “NEWS.am” nəşrlərinin məlumatına görə, Paşinyan layihəni xüsusi yaradılmış internet saytı vasitəsilə yayımlayıb və vətəndaşları sənədlə tanış olmağa çağırıb.

Ermənistanın hazırkı Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad mövcuddur. Həmin sənəddə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşdirilməsinə dair 1989-cu il qərarına istinad edilir.

Azərbaycan tərəfi bu müddəanı ölkənin ərazi bütövlüyünə qarşı iddiaların hüquqi əsası kimi qiymətləndirərək onun Konstitusiyadan çıxarılmasını tələb edib. Bakı sülh müqaviləsinin yekun imzalanmasını Ermənistanın əsas qanunundakı mübahisəli istinadın aradan qaldırılması ilə əlaqələndirib.

Paşinyan daha əvvəl bəyan edib ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Onun sözlərinə görə, həmin sənədə istinadın saxlanılması Qarabağ hərəkatının və münaqişə məntiqinin davam etdirilməsi anlamına gələrdi.

Ermənistan hökuməti konstitusiya dəyişikliklərini ölkənin daxili siyasi gündəliyinin tərkib hissəsi kimi təqdim edir.

Yeni Konstitusiya hələ qüvvəyə minməyib. Layihə ictimai və siyasi müzakirələrdən keçməli, qəbul edilməsi üçün müvafiq hüquqi prosedurlar tamamlanmalıdır. Paşinyan sənədin referendum yolu ilə qəbul olunmasını dəstəkləyir.