Polşada İsa Məsihin kral kimi qəbul edilməsindən 10 il ötür

Polşada 2016-cı ildə İsa Məsihin kral və Rəbb kimi qəbul edilməsi münasibətilə tarixi dini mərasim keçirilib. Prezident Anjey Dudanın da iştirak etdiyi mərasimin 10-cu ildönümü qeyd olunur.

14

Polşada İsa Məsihin kral və Rəbb kimi qəbul edilməsinə həsr olunmuş tarixi dini mərasimin keçirilməsindən 10 il ötür. 2016-cı il noyabrın 19-da təşkil olunan mərasimdə ölkə Prezidenti Anjey Duda, katolik kilsəsinin rəhbərləri və minlərlə dindar iştirak edib.

MSNews.az xəbər verir ki, Polşa Yepiskoplar Konfransının rəsmi məlumatına əsasən, mərasim Krakov şəhərinin Lagevniki bölgəsində yerləşən İlahi Mərhəmət Ziyarətgahında keçirilib. Burada İsa Məsihin kral və Rəbb kimi qəbul edilməsinə dair yubiley aktı təntənəli şəkildə elan olunub.

Dini mərasim Polşanın xristianlığı qəbul etməsinin 1050-ci ildönümü və Katolik Kilsəsinin Fövqəladə Mərhəmət Yubileyi çərçivəsində təşkil edilib.

Noyabrın 20-də isə İsa Məsihin Kainatın Kralı bayramı münasibətilə ölkənin katolik kilsələrində eyni dini akt təkrar səsləndirilib.

Polşa Yepiskoplar Konfransı bildirib ki, mərasimin məqsədi İsa Məsihə yeni siyasi və ya hüquqi status vermək deyil, katoliklərin dini inanclarını yeniləməsi və Məsihin mənəvi hakimiyyətini qəbul etməsidir.

Yepiskop Andjey Çayanın izahına görə, bu akt dindarların İsa Məsihə bağlılığını təsdiqləməsi və xristian dəyərlərinə uyğun yaşamaq öhdəliyini yeniləməsi məqsədi daşıyır.

Qeyd edək ki, mərasim İsa Məsihin Polşanın konstitusion monarxı elan edilməsi anlamına gəlmir. Bu, dövlət idarəçiliyini dəyişdirən hüquqi qərar deyil, Katolik Kilsəsinin dini xarakterli təşəbbüsüdür.