İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani noyabrın 22-də Azərbaycana rəsmi səfərə gəlib. İki günlük səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi və Azərbaycan-İtaliya Biznes Forumunda iştirak nəzərdə tutulub.
MSNews.az xəbər verir ki, səfər zamanı Tajaninin Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşləri planlaşdırılıb.
İtaliya Xarici İşlər Nazirliyinin açıqlamasında Azərbaycan Cənubi Qafqazda mühüm tərəfdaş, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında isə strateji və etibarlı ölkə kimi qiymətləndirilib.
Danışıqlarda ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, regional sabitlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin müzakirəsi nəzərdə tutulur.
Noyabrın 23-də Bakıda keçiriləcək Azərbaycan-İtaliya Biznes Forumunda 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndəsinin iştirakı gözlənilir. Forumun məqsədi iki ölkə arasında ticarət və investisiya imkanlarını genişləndirmək, işgüzar əlaqələri gücləndirməkdir.
Qeyd edək ki, Tajaninin səfəri İtaliyanın Baş naziri Corcia Meloninin 2026-cı ilin mayında, Prezident Sercio Mattarellanın isə 2025-ci ilin oktyabrında Azərbaycana səfərlərindən sonra baş tutur. Roma bu diplomatik təmasları Bakı ilə strateji tərəfdaşlığın inkişafı baxımından mühüm hesab edir.