Türkiyədə terror təşkilatı İŞİD-ə qarşı 21 vilayətdə eyni vaxtda keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 357 şübhəli şəxs saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, əməliyyatlar bu səhər polis qüvvələri tərəfindən koordinasiyalı şəkildə həyata keçirilib.
Əməliyyatlar Cumhuriyyət Baş Prokurorluqları, Polis Baş İdarəsinin Terrorla Mübarizə (TEM) Dairə Başqanlığı və Kəşfiyyat Başqanlığının koordinasiyası ilə müvafiq vilayətlərin polis idarələri tərəfindən icra olunub.
Açıqlamaya əsasən, əməliyyatlar aşağıdakı vilayətlərdə aparılıb:
Adana, Ağrı, Ankara, Antalya, Bingöl, Çorum, Denizli, Erzincan, Qaziantep, Giresun, İstanbul, Kastamonu, Kilis, Konya, Muğla, Niğde, Osmaniye, Şanlıurfa, Şırnak, Yalova və Van.
İstanbulda keçirilən əməliyyatlar zamanı isə 110 İŞİD şübhəlisinin saxlanıldığı bildirilib.
Ali Yerlikaya qeyd edib ki, Türkiyə terrorla mübarizədə qətiyyətli mövqeyini bundan sonra da davam etdirəcək:
“Bu vətəni terrorla diz çökdürməyə çalışanlara indiyədək necə imkan verməmişiksə, bundan sonra da əsla imkan verməyəcəyik.”
Təhlükəsizlik qüvvələrinin terrorla mübarizə çərçivəsində əməliyyatlarının davam edəcəyi vurğulanıb.