Ceyhun Bayramov İrpendə Azərbaycanın bərpa etdiyi obyektlərə baş çəkib

Ceyhun Bayramov İrpendə Azərbaycan tərəfindən təmir olunan poliklinika və liseyi ziyarət edib, yenidən qurulacaq mədəniyyət evinin layihəsi ilə tanış olub.

47

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpen şəhərinə baş çəkib.

MSNews.az xəbər verir ki, nazir akademik Zərifə Əliyevanın adını daşıyan parkı ziyarət edib. Azərbaycan nümayəndə heyətini Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko və İrpen şəhər rəhbərliyinin nümayəndələri müşayiət ediblər. Səfərdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, diplomatik missiyanın və SOCAR-ın nümayəndələri də iştirak ediblər.

Ceyhun Bayramov Azərbaycan tərəfindən əsaslı təmir edilmiş İrpen Mərkəzi Poliklinikasında və akademik Zərifə Əliyeva adına 12 nömrəli “Linqvist” liseyində görülən işlərlə tanış olub.

Nümayəndə heyəti müharibənin əvvəlində dağıdılmış İrpen mədəniyyət evinə də baş çəkib. Bildirilib ki, obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Nazirə gələcək binanın maketi və layihəsi təqdim olunub.