NATO-nun Hərbi Komitəsi 8 ildən sonra ilk dəfə tam tərkibdə Kiyevə gəldi

NATO-nun bütün 32 üzv ölkəsinin hərbi nümayəndələri Kiyevə səfər edib. Görüşlərdə Ukraynanın hərbi prioritetləri, müasir müharibə təcrübəsi və Alyansın gələcək hazırlığı müzakirə olunub.

82

NATO-nun Hərbi Komitəsi son səkkiz ildə ilk dəfə tam tərkibdə Ukraynaya səfər edib. Alyansın bütün 32 üzv ölkəsinin hərbi nümayəndələri oktyabrın 6-da Kiyevdə Ukrayna hərbi rəhbərliyi ilə görüşüblər.

MSNews.az xəbər verir ki, nümayəndə heyətinə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone rəhbərlik edib. NATO-nun rəsmi məlumatına görə, səfərin məqsədi Ukraynanın hərbi prioritetlərini müzakirə etmək, müasir döyüşlərdən əldə olunan təcrübəni öyrənmək və Alyansın gələcək təhdidlərə hazırlığını gücləndirmək olub.

NATO nümayəndələri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatıy və Ukrayna hərbi rəhbərliyi ilə NATO–Ukrayna Şurası formatında görüş keçiriblər. Tərəflər cəbhədəki vəziyyəti, Ukraynanın cari ehtiyaclarını, dron müharibəsini, hava hücumundan müdafiəni və digər prioritet istiqamətləri müzakirə ediblər.

Səfər zamanı nümayəndə heyəti hava müdafiəsi, pilotsuz uçuş aparatları və pilotsuz yerüstü sistemlərin tətbiq olunduğu bir sıra obyektlərə də baş çəkib. NATO bunu Ukrayna ordusunun müasir texnologiyalardan döyüş şəraitində necə istifadə etdiyini birbaşa öyrənmək imkanı kimi təqdim edib.

Draqone səfərlə bağlı bildirib ki, Hərbi Komitənin tam heyətlə Kiyevə gəlməsi NATO ilə Ukrayna arasındakı əlaqələrin möhkəmliyini nümayiş etdirir. O, Rusiyanın Ukraynaya qarşı müharibəsi və NATO ölkələrinə qarşı hibrid fəaliyyətlərinə baxmayaraq, Alyansın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Ukrayna Baş Qərargahı da bildirib ki, NATO nümayəndələri ilə görüşlər zamanı Ukraynanın müharibədə qazandığı təcrübənin Alyans ölkələrinin cari və gələcək təhlükələrə hazırlığı baxımından əhəmiyyəti müzakirə olunub.

Qeyd edək ki, NATO Hərbi Komitəsi Alyansın ən yüksək hərbi orqanıdır və üzv ölkələrin hərbi rəhbərliyini bir araya gətirir. Komitə NATO-nun siyasi rəhbərliyinə hərbi məsələlər üzrə tövsiyələr verir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.