Pakistan 409 əfqanı həbsdən azad edərək ölkəsinə qaytardı

Pakistan həbsxanalarından azad edilən 409 Əfqanıstan vətəndaşı ölkəsinə qayıdıb. Bir həftə əvvəl isə daha 708 əfqan məhbus azad olunmuşdu.

22

Pakistan hakimiyyəti bir həftə ərzində həbsxanalarda saxlanılan 409 Əfqanıstan vətəndaşını azad edib. Sərbəst buraxılan şəxslərin hamısı ölkələrinə geri qaytarılıb.

MSNews.az xəbər verir ki, “Pajhwok Afghan News” agentliyinin məlumatına görə, bu barədə noyabrın 19-da Əfqanıstanın Miqrantlar və Repatriantlar Nazirliyi açıqlama yayıb.

Nazirliyin məlumatına əsasən, azad edilən şəxslərdən 380 nəfər Torkham, 29 nəfər isə Spin Boldak sərhəd-keçid məntəqəsi vasitəsilə Əfqanıstana daxil olub. Onlar Pakistan həbsxanalarında müxtəlif müddətlərdə saxlanılmışdılar.

Ölkəyə qayıdan şəxslərə humanitar yardım göstərildiyi və onların doğma bölgələrinə çatdırılması üçün dəstək verildiyi bildirilir.

Bundan əvvəl, noyabrın 12-də Pakistan həbsxanalarından 708 əfqan məhbusun azad edilərək vətəninə qaytarıldığı açıqlanmışdı. Həmin şəxslərdən 405-i Spin Boldak, 303-ü isə Torkham keçid məntəqəsindən ölkəyə daxil olmuşdu.

Beləliklə, iki həftə ərzində ümumilikdə 1117 Əfqanıstan vətəndaşı Pakistan həbsxanalarından azad edilərək ölkəsinə qaytarılıb.

Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında miqrasiya məsələləri son illərdə əsas müzakirə mövzularından birinə çevrilib. Pakistanın əfqan miqrantların geri qaytarılması siyasəti beynəlxalq humanitar təşkilatların da diqqət mərkəzindədir.