İlham Əliyev Antonio Tayanini qəbul etdi

Prezident İlham Əliyev İtaliyanın Baş nazirinin müavini Antonio Tayani ilə görüşüb. Tərəflər enerji, iqtisadi əməkdaşlıq, Azərbaycan-NATO münasibətləri və TRIPP layihəsini müzakirə ediblər.

24

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, enerji əməkdaşlığı və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, Prezidentin rəsmi saytının məlumatına görə, dövlət başçısı Azərbaycan-İtaliya münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib.

İlham Əliyev İtaliyanın Azərbaycanın enerji sahəsində əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Prezident Azərbaycanın İtaliya enerji bazarına daxil olaraq ölkədə neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini, həmçinin Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin sayının artdığını diqqətə çatdırıb.

Antonio Tayani isə Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından mühüm ölkə olduğunu vurğulayıb. O, Romanın Azərbaycanla Avropa İttifaqı və NATO arasında münasibətlərin inkişafına dəstək verməyə hazır olduğunu bildirib.

Görüş zamanı İtaliya rəsmisi İranda baş vermiş hadisələr fonunda ölkəsinin Tehrandakı səfirliyinin Bakıda fəaliyyət göstərməsinə yaradılan şəraitə görə Azərbaycana təşəkkür edib.

Tərəflər həmçinin bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin əhəmiyyətini qeyd ediblər. İqtisadiyyat, ticarət, müdafiə, kənd təsərrüfatı, sənaye və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi və TRIPP layihəsinə də toxunulub, Azərbaycanın regional nəqliyyat bağlantılarında artan strateji rolu vurğulanıb.