Putinin müşaviri Pekində səfərdədir

Rusiya Prezidenti Vladimir Putinin müşaviri Nikolay Patruşev Pekində Çinin xarici işlər naziri Van Yi ilə görüşüb. Tərəflər strateji əməkdaşlığı, dəniz ticarət yollarını və sanksiyalara qarşı iqtisadi dayanıqlılığı müzakirə ediblər.

53

Rusiya Prezidenti Vladimir Putinin müşaviri, ölkənin siyasi və təhlükəsizlik sisteminin nüfuzlu simalarından biri Nikolay Patruşev Çinin paytaxtı Pekində xarici işlər naziri Van Yi ilə görüşüb. Danışıqlarda iki ölkənin strateji əməkdaşlığının genişləndirilməsi, beynəlxalq dəniz yollarının təhlükəsizliyi və qlobal ticarət sistemində birgə fəaliyyət məsələləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, görüş oktyabrın 12-də baş tutub. Çin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Van Yi Çin Prezidenti Si Cinpinin salamlarını Vladimir Putinə çatdırıb və iki ölkə arasında strateji etimadın möhkəmləndiyini vurğulayıb.

Patruşev də öz növbəsində Putinin salamlarını Çin liderinə çatdıraraq Moskvanın Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib.

Görüşün diqqətçəkən məqamlarından biri Patruşevin Rusiya və Çinin dünya iqtisadiyyatının coğrafiyasını dəyişdirə biləcəyi barədə açıqlaması olub.

Rusiyanın “İnterfaks” agentliyinin məlumatına görə, Patruşev bildirib ki, iki ölkə dəniz nəqliyyatı və strateji logistika layihələrini birləşdirməklə beynəlxalq ticarəti daha ucuz, əlçatan və təhlükəsiz edə bilər.

O, Çinin Dəniz İpək Yolu təşəbbüsü ilə Rusiyanın Arktika üzərindən inkişaf etdirdiyi Şimal dəniz marşrutu və Transarktika nəqliyyat dəhlizi arasında əməkdaşlıq imkanlarına diqqət çəkib.

Patruşevin sözlərinə görə, bu layihələr hərbi eskalasiya, dəniz quldurluğu və beynəlxalq sanksiyalarla bağlı risklərin azaldılmasına kömək edə bilər.

Çinin dövlət informasiya agentliyi “Sinxua” isə xəbər verir ki, Van Yi iki ölkənin dəniz strategiyalarının əlaqələndirilməsinə, gəmiqayırma, logistika və dəniz ticarətində əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildirib.

Patruşevin Pekinə səfəri oktyabrın 8-dən 13-dək davam edən proqram çərçivəsində həyata keçirilir. O, Çin rəsmiləri ilə gəmiqayırma sənayesi, texnologiya və nəqliyyat infrastrukturu sahələrində də danışıqlar aparıb.

Qeyd edək ki, Nikolay Patruşev 2008–2024-cü illərdə Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. Hazırda isə Prezident Vladimir Putinin müşaviri və Dəniz Kollegiyasının sədridir.

Onun Pekin səfəri Rusiya ilə Çinin siyasi əlaqələrlə yanaşı, dəniz ticarəti, logistika və iqtisadi təhlükəsizlik sahələrində də əməkdaşlığı dərinləşdirmək niyyətini nümayiş etdirir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.