Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Əhməd əş-Şaraa Xmeymim və Tartusdakı Rusiya hərbi obyektlərinin yeni statusunu müəyyən edən 9 avqust memorandumunun əhəmiyyətini bir daha təsdiqləyiblər.
MSNews.az xəbər verir ki, Kremlin məlumatına görə, liderlər avqustun 26-da telefon danışığı apararaq Rusiya-Suriya münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Tərəflər siyasi dialoqu dərinləşdirmək, ticarət-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər. Putin həmçinin Rusiyanın Suriyanın birliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edib.
Kremlin açıqlamasında xüsusi olaraq bildirilir ki, hər iki tərəf 9 avqustda imzalanmış “Xmeymim aviabazasının və Tartus maddi-texniki təminat məntəqəsinin yenidən təşkili haqqında Anlaşma Memorandumu”nun mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Söhbət avqustun 26-da bağlanmış yeni razılaşmadan deyil. Memorandum Rusiya və Suriyanın təxminən 18 ay davam edən danışıqlarından sonra 9 avqustda əldə olunub. Danışıqlar Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında devrilməsindən sonra Rusiyanın Suriyadakı hərbi mövcudluğunun gələcəyini müəyyənləşdirmək məqsədi daşıyıb. “Reuters” və Suriya dövlət agentliyi “SANA” bu detalları təsdiqləyib.
Memoranduma əsasən, Xmeymim və Tartusdakı hərbi obyektlərin funksiyası dəyişdirilərək onların birgə Rusiya-Suriya təlim və ixtisasartırma mərkəzlərinə çevrilməsi nəzərdə tutulur. Yeni modelin hər iki ölkənin maraqlarını qoruyacaq mexanizmlər əsasında fəaliyyət göstərəcəyi bildirilir.
Mülki infrastruktura nəzarət isə Suriya dövlətinə keçir.
Xmeymim aeroportunun mülki istifadə üçün nəzərdə tutulan hissələri mərhələli şəkildə Suriyanın mülki idarəçilik sisteminə inteqrasiya olunacaq. Tartus limanında isə əvvəllər Rusiya tərəfindən idarə olunan 4-cü kommersiya körpüsü, ona bağlı anbarlar və digər kommersiya obyektləri Suriyanın birbaşa nəzarətinə qaytarılır.
Rusiya daha əvvəl Tartusun 4-cü körpüsündən istifadə etməklə kommersiya-logistika mərkəzi yaratmaq imkanını müzakirə edirdi. Lakin yeni razılaşmaya görə, həmin ərazidə kommersiya fəaliyyəti Suriyanın Limanlar və Gömrük üzrə Baş İdarəsinin nəzarəti və icazəsi altında həyata keçirilməlidir.
Memorandum yeni sistemə keçidin üç aydan artıq çəkməməsini nəzərdə tutur. Bu müddət 9 avqust tarixindən hesablandıqda prosesin təxminən 9 noyabr 2026-cı ilədək tamamlanması gözlənilir. Bundan sonra yeni hüquqi və idarəetmə mexanizmləri qüvvəyə minəcək.
Beləliklə, Rusiya Xmeymim və Tartusdan tamamilə çıxmır. Lakin iki obyektin əvvəlki formada Rusiyanın müstəqil hərbi bazaları kimi fəaliyyət modeli dəyişdirilir: hərbi hissələr birgə təlim mərkəzlərinə çevrilir, mülki və kommersiya infrastrukturu isə Suriya dövlətinin idarəçiliyinə qaytarılır.
Bu dəyişiklik Moskvanın Suriyadakı hərbi mövcudluğunun Bəşər Əsəddən sonrakı dövr üçün yenidən formalaşdırılmasının ən mühüm mərhələlərindən biri hesab olunur.