İlham Əliyevdən mühüm mesajlar: “Biz qisasımızı döyüş meydanında aldıq”

Prezident İlham Əliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Ermənistanla sülh prosesi, beynəlxalq siyasətdə ikili standartlar və Azərbaycanın artan qlobal rolundan danışıb.

69

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Ermənistanla sülh prosesindən, Azərbaycanın ərazi bütövlüyünün bərpasından və beynəlxalq siyasətdə ikili standartlardan danışıb. Dövlət başçısı Azərbaycanın müharibədən sonra qisas siyasətini davam etdirmədiyini, əksinə, Ermənistana sülh təklif etdiyini vurğulayıb.

MSNews.az xəbər verir ki, oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev forumda 2000-dən artıq qeydiyyatdan keçmiş iştirakçının, 100-dən çox ölkədən isə 500-dən artıq xarici qonağın olduğunu bildirib. Dövlət başçısı Azərbaycanın əsrlər boyu Avropa ilə Asiya arasında mədəniyyət körpüsü rolunu oynadığını qeyd edib.

“Biz qisasımızı döyüş meydanında aldıq”

Prezident çıxışında 2020-ci il İkinci Qarabağ müharibəsinə və 2023-cü ildə keçirilmiş hərbi əməliyyata toxunaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib.

İlham Əliyev müharibədən sonra Ermənistanla sülh təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürüldüyünü vurğulayıb.

“Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə bu, sonsuz müharibəyə çevrilər”, – deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, müharibəyə başlamaq asan, onu dayandırmaq isə olduqca çətindir. O, Azərbaycanın hərbi əməliyyatlardan sonra sülh təklif etməsi təcrübəsinin digər münaqişələrin həlli baxımından öyrənilə biləcəyini qeyd edib.

BMT-yə və beynəlxalq ikili standartlara tənqid

İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun illər icra edilmədiyini xatırladıb.

Prezident bildirib ki, beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsini təmin edən mexanizmlər gücləndirilməlidir.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı illərdə bu ölkəyə sanksiyaların tətbiq edilməməsi beynəlxalq siyasətdə ikili standartların nümunəsidir.

“Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq”, – deyə Prezident vurğulayıb.

Dövlət başçısı digər ölkələrin Azərbaycanın daxili işlərinə müdaxiləsini qəbuledilməz hesab etdiyini də bildirib.

“İki supergüclə strateji tərəfdaşlıq münasibətlərimiz var”

Prezident Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini qeyd edərək Çin və ABŞ ilə münasibətlərə xüsusi diqqət ayırıb.

O xatırladıb ki, 2025-ci ilin aprelində Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.

İlham Əliyev həmçinin 2025-ci ilin avqustunda ABŞ ilə strateji tərəfdaşlıq istiqamətində əldə edilmiş razılaşmalardan danışıb.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan Avropa İttifaqının 10 üzv dövləti ilə də strateji tərəfdaşlıq münasibətlərinə malikdir.

Prezident 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə görüşlərinə Azərbaycanın ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

“Biz heç bir beynəlxalq yardım almamışıq”

İlham Əliyev Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərin xalqın zəhməti hesabına əldə olunduğunu vurğulayıb.

“Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik”, – deyə dövlət başçısı bildirib.

Prezident Azərbaycanın xarici borcunun ümumi daxili məhsulun təxminən 5 faizindən bir qədər çox olduğunu, ölkənin beynəlxalq enerji və nəqliyyat layihələrində mühüm rol oynadığını da qeyd edib.

Çıxışının sonunda İlham Əliyev dünyada münaqişələrin artdığı bir dövrdə mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti