Rutte Ankara sammitində böyük müdafiə müqavilələrini anons etdi

NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Ankarada keçiriləcək NATO sammitində on milyardlarla dollarlıq yeni müdafiə müqavilələri elan olunacaq.

13

NATO-nun Baş katibi Mark Rutte Ankarada keçiriləcək Alyans sammitində on milyardlarla dollarlıq yeni müdafiə müqavilələrinin elan olunacağını bildirib.

MSNews.az xəbər verir ki, Rutte bu barədə Vaşinqtonda “Atlantic Council”də çıxışı zamanı danışıb. O bildirib ki, NATO ölkələri Türkiyədə keçiriləcək sammitdə müdafiə xərcləri ilə bağlı öhdəliklərini bir daha vurğulayacaq, həmçinin Ukraynaya dəstəyin davam etdiyini təsdiqləyəcəklər.

Rəsmi NATO transkriptinə əsasən, Rutte Ankarada “on milyardlarla dollarlıq yeni müqavilələrin” elan ediləcəyini deyib. Baş katibin sözlərinə görə, müdafiə sənayesi və innovasiyalar sammitin əsas gündəm istiqamətlərindən biri olacaq.

Anadolu Agentliyi” yazır ki, Rutte Ankara sammitində müdafiə sənayesi ilə bağlı ayrıca tədbirin keçiriləcəyini, burada yeni müqavilələr, anlaşma memorandumları və niyyət məktublarının imzalanacağını bildirib. Onun sözlərinə görə, bu addımlar NATO ərazisində yaşayan təxminən 1 milyard insana Alyansın təhlükəsizlik sahəsində real addımlar atdığına dair mesaj verəcək.

Rutte Türkiyənin müdafiə sənayesinin Alyans üçün əhəmiyyətini də vurğulayıb. “Anadolu Agentliyi”nin məlumatına görə, o, Türkiyədə təxminən 3 min müdafiə sənayesi şirkətinin NATO məkanında fəaliyyət göstərdiyini deyib. Baş katib həmçinin Türkiyənin ən böyük müdafiə elektronikası şirkəti olan ASELSAN-da çalışan mühəndislərin ölkənin müdafiə sənayesindəki transformasiyada mühüm rol oynadığını qeyd edib.

Rəsmi NATO məlumatında da Rutte-nin daha əvvəl Ankaraya səfəri zamanı Türkiyənin müdafiə sənayesində “inqilabi dəyişiklik” yaşadığını bildirdiyi qeyd olunub. O, müttəfiqlərin birlikdə istehsal etməsinin, innovasiya aparmasının və bir-birindən müdafiə məhsulları almasının kollektiv təhlükəsizlik üçün vacib olduğunu vurğulayıb.

NATO-nun rəsmi açıqlamasına əsasən, 2026-cı il NATO sammiti 7-8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada, Beştəpə Prezident Kompleksində keçiriləcək. Bu, Türkiyənin 2004-cü ildə İstanbul sammitindən sonra ikinci dəfə NATO sammitinə ev sahibliyi etməsi olacaq.

Rutte çıxışında Rusiyaya da mesaj verib. “Reuters”in məlumatına görə, o, sammitin Rusiya Prezidenti Vladimir Putinə Alyansın istənilən təhdidə cavab verməyə hazır olduğunu göstərən güclü siqnal olacağını bildirib. Baş katib qeyd edib ki, Moskva sadəcə öhdəliklərdən deyil, bu öhdəliklərin həyata keçirilməsindən çəkinir.