ABŞ Prezidenti Donald Tramp Azərbaycanı Naxçıvanla birləşdirməyi nəzərdə tutan TRIPP layihəsinin praktiki icrasına başlanmasını alqışlayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana regional sülh prosesində əməkdaşlığa görə təşəkkür edib.
MSNews.az xəbər verir ki, “Noyan Tapan” nəşrinin noyabrın 23-də yaydığı məlumata görə, Tramp layihənin rəsmi başlanması münasibətilə Ermənistan xalqına videomüraciət ünvanlayıb.
ABŞ Prezidenti TRIPP layihəsinin və yeni “TRIPP Development Company” şirkətinin fəaliyyətə başlamasını Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyiş kimi qiymətləndirib.
Tramp 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilmiş Vaşinqton Sammitini xatırladaraq, həmin görüşün iki ölkə arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində dönüş nöqtəsi olduğunu vurğulayıb.
O, Paşinyanı sülh istiqamətində atdığı addımlara görə təbrik edib və TRIPP layihəsinin regionda yeni ticarət, enerji və nəqliyyat marşrutlarının yaradılmasına xidmət edəcəyini bildirib.
ABŞ Prezidenti həmçinin İlham Əliyev və Nikol Paşinyana onu Nobel Sülh Mükafatına namizəd göstərdiklərinə görə minnətdarlığını ifadə edib.
Tramp Paşinyanı 2027-ci ildə Vaşinqtona gözlənilən səfəri zamanı Ağ Evə dəvət edib. O, Ermənistanın Baş naziri ilə regional sülhün möhkəmləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə etmək istədiyini açıqlayıb.
Layihə çərçivəsində yaradılan birgə şirkətin ilkin pay bölgüsü ABŞ üçün 74%, Ermənistan üçün isə 26% nəzərdə tutulur. Layihənin məqsədi Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısı yaratmaq və Cənubi Qafqazın beynəlxalq ticarət marşrutlarındakı rolunu gücləndirməkdir.