Ramiz Mehdiyev ailəsi ilə birgə Əli Kərimlinin məhkəməsinə çağırıldı

AXCP sədri Əli Kərimli və Məmməd İbrahimin cinayət işi üzrə noyabrın 24-də keçiriləcək məhkəməyə Ramiz Mehdiyev və üç ailə üzvü şahid qismində çağırılıb.

21

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və üç ailə üzvü Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Məmməd İbrahimin cinayət işi üzrə məhkəməyə şahid qismində çağırılıblar.

MSNews.az xəbər verir ki, “Qafqazinfo” nəşrinin məlumatına görə, noyabrın 24-nə təyin edilən məhkəmə iclasında sonuncu şahidlərin dindirilməsi nəzərdə tutulur.

Ramiz Mehdiyev, oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevə məhkəməyə gəlmələri üçün rəsmi bildiriş göndərilib. Həmin şəxslər ibtidai istintaq zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən də dindiriliblər.

İttiham tərəfinin mövqeyinə əsasən, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyev, axtarışda olan Abbas Abbasov və digər şəxslərlə birlikdə hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlmiş sövdələşmədə iştirak ediblər.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə təqsirləndirilirlər. Onlar 2025-ci ilin noyabrında Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində saxlanılıblar. Sonradan onların cinayət işi ayrıca icraata ayrılıb.

Ramiz Mehdiyev isə daha əvvəl 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yaşı və səhhəti nəzərə alınaraq cəzanın şərti tətbiq olunduğu bildirilir.