Almaniyanın “Bavariya” klubunun 18 yaşlı futbolçusu Lennart Karl peşəkar futbolçu olmasaydı, hansı sahədə çalışacağını bilmədiyini etiraf edib. Gənc hücumçu özünü o qədər də ağıllı insan hesab etmədiyini söyləyərək azarkeşləri güldürüb.
MSNews.az xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, Karl noyabrın 22-də İtaliyanın Cənubi Tirol bölgəsində təxminən 600 azarkeşin iştirak etdiyi görüşdə karyerası ilə bağlı maraqlı açıqlamalar verib.
Futbolçuya peşəkar idmançı olmasaydı, hansı peşəni seçəcəyi barədə sual ünvanlanıb.
“Mənim heç vaxt “B” planım olmayıb, yalnız “A” planım var idi. Valideynlərim məktəbi bitirməyimi istəyirdilər, amma mən istəmirdim. Hər səhər oyananda yalnız futbol oynamaq haqqında düşünürdüm”, – deyə Karl bildirib.
Gənc futbolçu daha sonra zarafatla özünü qiymətləndirib:
“Düzünü desəm, çox da ağıllı insan deyiləm. İndi də futboldan başqa nə işlə məşğul ola biləcəyimi bilmirəm. Xoşbəxtlikdən, futbolda hər şey yolunda getdi”.
“Sky Sport Germany” nəşrinin məlumatına görə, futbolçunun səmimi və özünəironik açıqlamaları görüşdə iştirak edən azarkeşlərin gülüşünə səbəb olub.
Karl uğurlarında ailəsinin və dostlarının böyük rol oynadığını da vurğulayıb. O, gənc azarkeşlərə ailələrinin dəstəyini qiymətləndirməyi tövsiyə edib.
Qeyd edək ki, Lennart Karl “Bavariya”nın əsas komandasında və Almaniya millisində çıxış edir. O, 2026-cı il dünya çempionatını zədə səbəbindən buraxsa da, hazırda əvvəlki idman formasına qayıtmağa çalışır.