Ravvin və dini natiq Yosef Mizraxi İspaniya və bir sıra Avropa ölkələrinin gələcəyi ilə bağlı sərt və mübahisəli fikirlər səsləndirib. O, ispanları antisemitizmdə ittiham edərək ölkənin gələcək onilliklərdə ciddi demoqrafik və sosial dəyişikliklərlə üzləşəcəyini iddia edib.
MSNews.az xəbər verir ki, “Portal de Cádiz” çıxışın Mizraxinin 23 iyul 2026-cı ildə “YouTube” kanalında yayımlanan videosundan götürüldüyünü bildirir. Nəşrin məlumatına görə, həmin videodan parçalar avqustun əvvəlində sosial şəbəkələrdə geniş yayılaraq İspaniyada mübahisələrə səbəb olub.
Mizraxi çıxışında ispanları “antisemitlər” və “ispan nasistləri” adlandırıb və 10-30 il ərzində İspaniyada ispanların yaşaya bilməyəcəyi barədə iddia irəli sürüb. O, oxşar proseslərin İngiltərə, Yunanıstan, İrlandiya, Fransa, Niderland və Almaniyada da baş verəcəyini söyləyib.
Sosial şəbəkələrdə yayılan versiyalarda Mizraxinin açıqlamaları İspaniyanın İsrailə münasibəti ilə əlaqələndirilir. “Portal de Cádiz” çıxışın kontekstində Mizraxinin İspaniyadakı İsrail əleyhinə hərəkətlərdən və İsrail bayrağı ilə bağlı epizoddan danışdığını yazır.
Mizraxinin mübahisəli ritorikası daha əvvəl də tənqid olunub. Böyük Britaniyanın Ekstremizmə Qarşı Mübarizə Komissiyası 2019-cu ildə onun müxtəlif qruplar barədə əvvəlki açıqlamalarını “bölücü ritorika” kimi qiymətləndirərək sərt şəkildə qınamışdı.