Melatoninin uzunmüddətli istifadəsi ürək çatışmazlığı riski ilə əlaqələndirildi

130 mindən çox yuxusuzluq xəstəsini əhatə edən araşdırmada melatonindən ən azı bir il istifadə edənlərdə ürək çatışmazlığı və ölüm hallarının daha yüksək olduğu müəyyən edilib. Alimlər nəticələrin səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar.

62

Melatonindən uzun müddət istifadə edən yuxusuzluq xəstələrində ürək çatışmazlığı, bu səbəbdən xəstəxanaya yerləşdirilmə və ümumi ölüm hallarının daha yüksək olduğu müəyyən edilib.

MSNews.az xəbər verir ki, 130 mindən çox yetkin insanın tibbi məlumatlarını əhatə edən araşdırmanın nəticələri Amerika Ürək Assosiasiyasının 2025-ci il elmi sessiyalarında təqdim olunub. “American Heart Association” rəsmi məlumatında araşdırmanın nəticələrinin hələ ilkin xarakter daşıdığını xüsusi vurğulayır.

Tədqiqatda xroniki yuxusuzluğu olan 130 828 nəfərin məlumatları araşdırılıb. Onlardan 65 414 nəfərin melatonindən ən azı bir il istifadə etdiyi qeydə alınıb və bu qrup eyni sayda melatonin istifadə etməyən xəstə ilə müqayisə olunub. İştirakçıların vəziyyəti beş il ərzində izlənilib.

Nəticələrə görə, uzunmüddətli melatonin istifadəçilərinin 4,6 faizində, müqayisə qrupunun isə 2,7 faizində yeni ürək çatışmazlığı diaqnozu qeydə alınıb. Bu, statistik olaraq təxminən 90 faiz daha yüksək nisbi risklə əlaqələndirilib.

Fərq digər göstəricilərdə də qeydə alınıb. Melatonin istifadə edənlərin 19 faizi ürək çatışmazlığı ilə əlaqədar xəstəxanaya yerləşdirildiyi halda, digər qrupda bu göstərici 6,6 faiz olub. Beş il ərzində bütün səbəblərdən ölüm göstəricisi isə müvafiq olaraq 7,8 və 4,3 faiz təşkil edib. “American College of Cardiology” bu nəticələrin uzunmüddətli melatonin istifadəsinin təhlükəsizliyinin daha ətraflı araşdırılmasına ehtiyac yaratdığını bildirir.

Bununla belə, araşdırma melatoninin ürək çatışmazlığına səbəb olduğunu sübut etmir. Tədqiqat müşahidə xarakterlidir və hazırda tam elmi məqalə şəklində ekspert rəyindən — “peer review” prosesindən keçməyib. Yuxusuzluğun ağırlığı, yanaşı xəstəliklər və digər faktorların nəticələrə təsir göstərməsi mümkündür.

Üstəlik, 2026-cı ildə 14 randomizə edilmiş klinik tədqiqatı birləşdirən ayrıca meta-analiz melatoninin ürək-damar sisteminə təsiri ilə bağlı nəticələrin hələ ziddiyyətli olduğunu göstərib. Buna görə hazırkı məlumatlar əsasında melatoninin birbaşa ürək çatışmazlığı yaratdığını demək mümkün deyil.

Rusiyada “Melaxen” və bir sıra digər melatonin preparatları reseptsiz satılır. “Vidal” dərman məlumat bazasında 3 mq melatonin tərkibli bir neçə preparatın reseptsiz verildiyi göstərilir.

Xroniki yuxusuzluğun müalicəsində isə mütəxəssislər melatonini avtomatik olaraq uzunmüddətli həll hesab etmirlər. “American Academy of Sleep Medicine” xroniki yuxusuzluqda ilk seçimlərdən biri kimi koqnitiv-davranış terapiyasını — CBT-I metodunu önə çəkir və böyüklərdə xroniki yuxusuzluğun müalicəsi üçün melatoninin rutin istifadəsini tövsiyə etmir.

Sosial mediada melatoninə alternativ kimi yatmazdan əvvəl püstə yemək də tövsiyə olunur. Püstənin təbii melatonin ehtiva etdiyi doğrudur, lakin bunu “ən yaxşı alternativ” adlandırmaq üçün elmi sübut kifayət deyil. 2026-cı ildə dərc olunan elmi icmalda püstənin melatonin ehtiva etdiyi, lakin onun yuxuya təsirinin insanlarda müdaxilə tədqiqatları ilə hələ lazımi səviyyədə yoxlanılmadığı qeyd olunur.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.