Şimali Koreya lideri Kim Çen In ölkənin suüstü və sualtı hərbi dəniz qüvvələrinin sürətlə gücləndirilməsi barədə göstəriş verib. O, regiondakı geosiyasi vəziyyətin və rəqib ölkələrdən qaynaqlanan təhdidlərin hərbi donanmanın modernləşdirilməsini zəruri etdiyini bildirib.
MSNews.az xəbər verir ki, Kim Çen In noyabrın 2-də Nampxo gəmiqayırma zavoduna səfər edərək müəssisənin modernləşdirilməsi və yeni hərbi gəminin tikintisi ilə tanış olub. Bu barədə noyabrın 4-də Şimali Koreyanın KCNA agentliyi məlumat yayıb.
“Müxtəlif təhdidlər şəraitində dənizdə dövlət suverenliyinin qorunması üçün suüstü və sualtı döyüş qüvvələrinin sürətlə gücləndirilməsi həyati əhəmiyyət daşıyır”, – deyə KXDR lideri vurğulayıb.
Kim Çen In gəmiqayırma müəssisələrində istehsalın avtomatlaşdırılmasını, texnoloji imkanların genişləndirilməsini və gəmilərin eyni vaxtda tikintisi və təmiri üçün əlavə dokun yaradılmasını tapşırıb.
“Reuters” agentliyinin məlumatına görə, Kim Çen In tikintisi davam edən yeni hərbi gəminin ötən il hazırlanan esminesdən xeyli böyük olduğunu bildirib. Cənubi koreyalı hərbi ekspertlər onun təxminən 10 min tonluq kreyser ola biləcəyini ehtimal edirlər.
Yeni gəminin texniki göstəriciləri və silah sistemləri barədə rəsmi təfərrüatlar açıqlanmayıb.