Burkina-Fasoda iki islam aliminə dini fəaliyyət qadağan edildi

Burkina-Faso hakimiyyəti Omar Sankara və İdrissa Savadogoya ölkə ərazisində xütbə oxumağı, dini tədris aparmağı və təbliğat fəaliyyəti ilə məşğul olmağı qadağan edib.

11

Burkina-Faso hakimiyyəti iki islam aliminə ölkə ərazisində dini fəaliyyət göstərməyi qadağan edib.

MSNews.az xəbər verir ki, qadağa Omar Sankara və İdrissa Savadoqoya şamil olunub.

“LeFaso.net” yazır ki, qərarlar iyunun 23-də Burkina-Fasonun ərazi idarəetməsi və mobillik üzrə dövlət naziri Emil Zerbo tərəfindən imzalanıb.

Sənədlərə əsasən, hər iki din xadiminə ölkə üzrə xütbə oxumaq, dini təbliğat aparmaq və dini dərslər keçmək “xüsusi göstərişə qədər” qadağan edilib.

Hakimiyyət qadağanı onların “sosial həmrəyliyi və birgəyaşayışı poza biləcək radikal çıxışları” ilə əsaslandırıb.

APA Newsin məlumatına görə, Omar Sankara 41 yaşlı Uaqaduqu sakini, İdrissa Savadoqo isə 53 yaşlı Bokin Sonq-Naba əsilli dini təbliğatçıdır. Qərar bütün ölkə ərazisində qüvvədədir.

Məlumata görə, qadağanın icrası Burkina-Fasonun Dini, Ənənəvi və Adət İşləri üzrə Baş Direktorluğuna həvalə olunub.

APA qeyd edir ki, eyni qərarlar çərçivəsində “Tabernacle des fils du Royaume du Saint-Esprit” adlı dini assosiasiyanın fəaliyyəti də üç ay müddətinə dayandırılıb. Qurumun idarəetmə orqanlarını yeniləməmək, həmçinin əxlaqi pozuntu və çirkli pulların yuyulması ilə bağlı iddialarla üzləşdiyi bildirilir.

Bu addımlar ölkədə dini fəaliyyətin daha sərt dövlət nəzarətinə götürüldüyü dövrə təsadüf edir. Burkina-Fasoda Keçid Qanunverici Assambleyası iyunun 20-də dini azadlıqlarla bağlı yeni qanunu qəbul edib.

Hakimiyyət qanunun məqsədini dini fəaliyyətin tənzimlənməsi, ictimai asayişin qorunması, ekstremist ritorikanın qarşısının alınması və milli həmrəyliyin gücləndirilməsi kimi təqdim edir.

“Koaci” yazır ki, yeni qanun 112 maddədən ibarətdir və dini azadlıqları qorumaqla yanaşı, ibadət yerləri və dini çıxışlar üzərində dövlət nəzarətini gücləndirir.

Bundan əvvəl, may ayında Burkina-Fasoda tanınmış imam Məhəmməd İshaq Kindo saxlanılmışdı. Burkina24 yazır ki, Burkina İslam Assosiasiyaları Federasiyası onun saxlanıldığını təsdiqləyib və dindarları sakitliyə çağırıb.

“Africanews”in məlumatına görə, Kindo dini azadlıqlarla bağlı qanun layihəsini tənqid etdikdən sonra saxlanılıb. Onun tərəfdarlarının etirazlarından sonra Uaqaduqudakı əsas sünni məscidi bağlanıb, təxminən 100 tərəfdar isə saxlanılıb.

Hadisələr Burkina-Fasoda hərbi hakimiyyətin tənqidçilərə, ictimai təşkilatlara və dini liderlərə qarşı nəzarəti artırdığı bir vaxtda baş verir.

Prezident İbrahim Traorenin rəhbərlik etdiyi hərbi administrasiya təhlükəsizlik və ekstremizmlə mübarizə arqumentlərini ön plana çıxarır. Tənqidçilər isə bu addımların dini və ictimai müstəqil səslərə təzyiqi gücləndirdiyini bildirirlər.

Hazırda Omar Sankara və İdrissa Savadogonun qadağaya rəsmi reaksiyası barədə geniş məlumat yoxdur.

🇧🇫🕌 Burkina-Faso hakimiyyəti islam alimləri Omar Sankara və İdrissa Savadoqoya ölkə ərazisində xütbə oxumağı, dini dərslər keçməyi və təbliğat fəaliyyəti aparmağı “xüsusi göstərişə qədər” qadağan edib.

Qərarlar ərazi idarəetməsi naziri Emil Zerbo tərəfindən imzalanıb. Hakimiyyət onların “sosial həmrəyliyi və birgəyaşayışı poza biləcək radikal çıxışlar” etdiyini bildirir. Bundan əvvəl tanınmış imam Məhəmməd İshaq Kindo dini azadlıqlarla bağlı qanun layihəsini tənqid etdikdən sonra saxlanılmışdı.

Ətraflı MSNews.az-da oxuyun.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti