Liviya rəsmi xəbər agentliyi “LANA”-ya istinadən xəbər verilir ki, devrilmiş lider Müəmmər Qəddafinin böyük oğlu Seyfülislam Qəddafi öldürülüb.
Seyfülislam Qəddafinin müşaviri və siyasi qrupun rəhbəri Abdullah Osman, onun öldürüldüyünü təsdiqləyib. Osman bildirib ki, “Dörd silahlı şəxs təhlükəsizlik kameralarını sıradan çıxardıqdan sonra Seyfülislam Qəddafinin evinə basqın edərək onu öldürüb.”
Xəbərin ardından Seyfülislam Qəddafinin vəkili Xalid ez-Zəydi də “Facebook” platformasında paylaşım edərək müvəkkilinin öldürüldüyünü təsdiqləyib. O bildirib:
“Bu faciəli hadisədə geri çəkilməyi, susmağı və güzəştə getməyi rədd edən Seyfülislam Qəddafi xəyanət qruplarına qurban getdi. Adamları öldürməklə işləri dayandıra biləcəklərini və ya səsləri susdurmaqla ideyaları yox edə biləcəklərini düşündülərsə, yanıldılar.”
Digər tərəfdən, Liviya Milli Birlik Hökuməti Müdafiə Nazirliyinə bağlı 444-cü briqada Zintan bölgəsində Seyfülislam Qəddafinin öldürüldüyü xəbərlərini təkzib edib və bölgədə hər hansı bir birliyinin olmadığını açıqlayıb.
Liviya Baş Prokurorluğu yazılı açıqlamasında Seyfülislam Qəddafinin öldürülməsi ilə bağlı araşdırma başladıldığını bildirib. Baş Prokurorluq, ölümlə bağlı məlumat alındıqdan sonra heyətin hadisə yerinə getdiyini və ilkin araşdırmaları həyata keçirdiyini qeyd edib.
İlkin araşdırmalar nəticəsində qurbanın odlu silah yaralarına məruz qalaraq öldüyü təsdiqlənib. Araşdırma qrupu hadisə ilə bağlı sübutları toplamaq, cinayəti törədən şübhəliləri müəyyənləşdirmək və onlara qarşı cinayət işi açmaq üçün əməliyyatlara başlayıb.