“Microsoft” şirkətinin həmtəsisçisi Billi Qeyts süni intellektin inkişafının bəşəriyyəti qarşıdakı 20 il ərzində ciddi iqtisadi və sosial dəyişikliklərlə üz-üzə qoyacağını proqnozlaşdırıb. Onun fikrincə, bu keçid dövründə həm qazananlar, həm də itirənlər olacaq. Lakin həmin mərhələdən sonra robotların insan əməyinin böyük hissəsini əvəz etdiyi, mal və xidmətlərin daha əlçatan olduğu yeni iqtisadi dövr başlaya bilər.
MSNews.az xəbər verir ki, Qeyts bu barədə “The Verge” nəşrinin “Decoder” podkastına müsahibəsində danışıb. O, süni intellektin yaratdığı imkanlarla yanaşı, texnologiyanın sürətli inkişafının cəmiyyət üçün doğuracağı risklərə də diqqət çəkib.
Billi Qeyts hesab edir ki, süni intellektin iqtisadiyyatda geniş tətbiqi əmək bazarında böyük dəyişikliklərə səbəb olacaq.
Onun sözlərinə görə, texnologiyanın inkişafı yeni imkanlar yaratsa da, bəzi peşələrin əhəmiyyətini azaldacaq, müəyyən sahələrdə isə insan əməyinə ehtiyacı aradan qaldıra bilər.
“Məni ən çox narahat edən qaliblərin və məğlubların olacağı, çoxsaylı sarsıntılarla müşayiət ediləcək 20 illik keçid dövrüdür. Bolluq mərhələsinə çatmaq üçün bu dövrdən keçməliyik”, – deyə Qeyts bildirib.
O, qarşıdakı iki onilliyi bəşəriyyət tarixinin ən böyük sosial və iqtisadi dəyişiklik dövrlərindən biri kimi qiymətləndirib.
Qeytsin proqnozuna əsasən, süni intellektlə idarə olunan humanoid robotlar gələcəkdə insanların yerinə çoxsaylı fiziki işləri yerinə yetirə biləcəklər. Bu texnologiyalar tikintidə evlərin inşası, kənd təsərrüfatında ərzaq istehsalı və səhiyyədə cərrahi əməliyyatların həyata keçirilməsi kimi sahələrdə geniş istifadə oluna bilər.
O hesab edir ki, robot texnologiyalarının inkişafı nəticəsində iqtisadiyyatın əksər mal və xidmətlərinin istehsalında insan əməyi artıq zəruri olmaya bilər.
Qeyts vurğulayıb ki, əmək fəaliyyəti insanlar üçün yalnız gəlir mənbəyi deyil. İş həm də sosial münasibətlər, şəxsi inkişaf və həyatda məqsəd hissi yaradır. Məhz buna görə süni intellektin insan əməyini geniş şəkildə əvəz etməsi cəmiyyət qarşısında yeni suallar qoyacaq.
Onun fikrincə, insanlar texnologiya həmin işləri daha səmərəli yerinə yetirsə belə, müəyyən fəaliyyət sahələrini özləri üçün saxlamağı seçə bilərlər. Bunlara uşaqlara qayğı, yemək hazırlanması, incəsənət və idman kimi sahələr daxildir.
Qeyts həmçinin iş saatlarının azaldılması və daha erkən pensiyaya çıxmaq kimi alternativlərin müzakirə oluna biləcəyini qeyd edib.
Billi Qeytsin fikrincə, robotlar və süni intellekt məhsul istehsalını ucuzlaşdırmaqla bir çox mal və xidmətlərin qıtlığını azalda bilər. Bu, xüsusilə səhiyyə, kənd təsərrüfatı və infrastruktur kimi sahələrdə insanların həyat keyfiyyətinin yaxşılaşmasına imkan yarada bilər.
Lakin milyarderin əsas narahatlığı həmin imkanlara çatana qədər cəmiyyətin üzləşəcəyi iqtisadi qeyri-bərabərlik, iş yerlərinin itirilməsi və sosial dəyişikliklərdir. O, hökumətlərin süni intellektin inkişafını yalnız texnologiya şirkətlərinin qərarlarına buraxmamalı olduğunu, yeni risklərə qarşı nəzarət mexanizmlərinin yaradılmasının vacibliyini bildirib.