ABŞ Prezidenti Donald Tramp uzun illərdir tanındığı sarışın görünüşündən fərqli olaraq, nəzərəçarpacaq dərəcədə tünd saçlarla ictimaiyyət qarşısına çıxıb.
MSNews.az xəbər verir ki, sentyabrın 4-də Nyu-Cersinin Morristaun şəhərində “Air Force One” təyyarəsindən enərkən çəkilən fotolarda Trampın saçları sarı-qızılı deyil, şabalıdı-qəhvəyi çalarda görünür.

“Reuters”in çəkdiyi foto Trampın sentyabrın 4-də Morristaun hava limanına gəlişi zamanı lentə alınıb. ABŞ prezidenti həftəsonunu Bedminsterdəki qolf klubunda keçirmək üçün Nyu-Cersiyə gedirdi.
Yeni görünüş sosial şəbəkələrdə sürətlə müzakirə mövzusuna çevrilib. “Fox News” yazır ki, istifadəçilər Trampın “brünetə çevrildiyini” zarafatla qeyd edib və saç rəngindəki qəfil dəyişikliklə bağlı müxtəlif ehtimallar irəli sürüblər.
“The Independent” də görüntülərdə prezidentin saçlarının əvvəlki sarışın çalardan nəzərəçarpacaq dərəcədə tünd göründüyünü qeyd edir.
Bununla belə, Trampın saçlarını həqiqətən boyatdırdığı rəsmi şəkildə təsdiqlənməyib. İşıqlandırma, saçın nəmliyi, istifadə edilən saç məhsulları və ya real rəng dəyişikliyi kimi müxtəlif ehtimallar səsləndirilir. “Fox News” Ağ Evin məsələ ilə bağlı sorğuya dərhal cavab vermədiyini bildirib.
Maraqlıdır ki, bu görüntülər Trampın saçları barədə başqa bir müzakirədən cəmi iki gün sonra ortaya çıxıb. Prezident sentyabrın 2-də çıxışı zamanı uzun illərdir onun parik istifadə etməsi barədə deyilənləri yenidən rədd edərək “Mən parik taxmıram” deyib.