Trampdan İran danışıqları fonunda sirli “Adios” paylaşımı

Donald Tramp “Truth Social” hesabında “Adios” ("Əlvida") yazısı ilə İran gəmisinə zərbəni təsvir edən süni intellekt görüntüsü paylaşıb. Paylaşım ABŞ-İran danışıqları fonunda yeni spekulyasiyalara səbəb olub.

ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında “Adios” yazısı ilə süni intellekt vasitəsilə hazırlanmış görüntü paylaşıb. Görüntüdə ABŞ dronunun İran hərbi gəmisini məhv etdiyi təsvir olunub.

“The Times of Israel” yazır ki, paylaşım Vaşinqton və Tehran arasında müharibənin dayandırılması üzrə mümkün razılaşma barədə xəbərlərin yayıldığı bir vaxtda edilib və Trampın bu mesajla nə demək istədiyi hələlik aydın deyil.

“i24NEWS” da paylaşımın Trampın “Truth Social” platformasında yayımlandığını və görüntüdə Amerika dronunun İran hərbi gəmisini vurmasının təsvir edildiyini bildirib. Nəşrin məlumatına görə, paylaşım ABŞ və İran arasında mümkün atəşkəs razılaşması üzrə danışıqların davam etdiyi vaxtda yeni spekulyasiyalara səbəb olub.

Trampın “Adios” mesajı İranla danışıqların taleyi barədə sualları artırıb. Lakin hazırda bu paylaşımın Vaşinqtonun danışıqları dayandırması və ya Tehrana qarşı yeni sanksiya dalğasına start verməsi anlamına gəldiyini təsdiqləyən rəsmi açıqlama yoxdur. Əksinə, “Axios” daha əvvəl yazmışdı ki, ABŞ və İran müharibənin dayandırılması, Hörmüz boğazının mərhələli açılması və İranın nüvə proqramı üzrə əlavə danışıqların başlanmasını nəzərdə tutan memorandum üzərində işləyir.

Bununla belə, prosesin kövrək olduğu bildirilir. “Axios”-un məlumatına görə, Tramp İranla “yaxşı saziş” əldə olunması ilə hərbi əməliyyatların bərpası arasında ehtimalı “50/50” kimi qiymətləndirib və yekun qərar üçün danışıqlar aparan nümayəndələri ilə görüşəcəyini bildirib.

“The Guardian” isə “Reuters”-ə istinadən yazır ki, Tramp nümayəndələrinə İranla razılaşmanı tələsmədən hazırlamağı tapşırıb. ABŞ prezidenti razılaşma imzalanana və təsdiqlənənədək İran gəmilərinə tətbiq olunan blokadanın qüvvədə qalacağını bildirib. Nəşrin məlumatına görə, tərəflər Hörmüz boğazının açılması və nüvə proqramı ilə bağlı bəzi məsələlərdə hələ də razılığa gəlməyib.