Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən xəritə paylaşdı

Donald Tramp “Truth Social”da Hörmüz boğazının “Tramp boğazı” kimi göstərildiyi xəritə paylaşıb. Paylaşım ABŞ-İran gərginliyi və boğazda gəmi trafiki böhranı fonunda edilib.

11

ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında Hörmüz boğazının “Strait of Trump” — “Tramp boğazı” kimi göstərildiyi dəyişdirilmiş xəritə paylaşıb. Xəritədə Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən strateji su yolu yeni adla işarələnib və boğazdan keçən tankerlər təsvir olunub.

“The Independent” yazır ki, Tramp paylaşımı Vaşinqton və Tehran arasında danışıqların dalana dirəndiyi bir vaxtda edib.

“The Economic Times”ın məlumatına görə, paylaşım Trampın daha əvvəl Hörmüz boğazının onun adı ilə adlandırılması ideyasına işarə edən çıxışlarından sonra gündəmə gəlib. Nəşr qeyd edir ki, bu addım rəsmi ad dəyişikliyi kimi yox, daha çox simvolik və siyasi mesaj xarakterli paylaşım kimi qiymətləndirilir.

Hörmüz boğazı qlobal enerji ticarəti üçün ən mühüm dəniz keçidlərindən biri sayılır. İranla ABŞ arasında gərginlik fonunda boğazdan keçən gəmi trafiki kəskin azalıb: müharibədən əvvəl gündəlik 125–140 keçid qeydə alınırdısa, son günlərdə bu göstərici təxminən 6–7 gəmi səviyyəsinə düşüb.

Tramp administrasiyası eyni zamanda Hörmüz boğazında gəmiçiliyin bərpası üçün beynəlxalq koalisiya yaratmağa çalışır. Dövlət Departamenti sənədinə görə, “Maritime Freedom Construct” adlı təşəbbüs regionda naviqasiya azadlığını, enerji təhlükəsizliyini və kritik dəniz infrastrukturunun qorunmasını hədəfləyir.