ABŞ Konqresinə ICE və CBP-ni konstitusion pozuntulara görə məsuliyyətə cəlb edən qanun layihəsi təqdim edildi

ABŞ Konqresində ICE və CBP qurumlarının konstitusion hüquq pozuntularına görə məsuliyyət daşımasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə Minnesota hadisələrindən sonra gündəmə gəlib.

26

ABŞ Konqresinə Miqrasiya və Gömrük Mühafizəsi (ICE) və Gömrük və Sərhəd Mühafizəsi (CBP) bölmələrinin konstitusion hüquq pozuntularına görə məsuliyyət daşımasını hədəfləyən qanun layihəsi təqdim olunub.

Layihə Minnesota ştatında aparılan əməliyyatlar zamanı iki ABŞ vətəndaşının öldürülməsindən sonra ölkədə geniş müzakirə olunan miqrasiya tətbiqlərinə qarşı hazırlanıb.

Senatın Büdcə Komitəsinin üzvü olan demokrat senator Ceff Merkli və Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvü Andrea Salinas “ICE və CBP üçün Konstitusion Hesabatlılıq Aktı” adlanan qanun layihəsi ilə bağlı birgə yazılı açıqlama veriblər. Açıqlamada ICE və CBP əməkdaşlarının konstitusiyanı pozan hərəkətlərinə görə federal hökumətə qarşı məhkəmə iddiası qaldırılmasını mümkün edən mexanizmin yaradılmasının nəzərdə tutulduğu bildirilib.

Demokrat qanunvericilər respublikaçıların miqrasiya siyasəti çərçivəsində sözügedən qurumlara 150 milyard dollardan çox maliyyə ayırmasının “pis niyyətli və sui-istifadəyə açıq tətbiqlərin” qarşısını almağı çətinləşdirdiyini vurğulayıblar. Açıqlamada federal miqrasiya əməkdaşlarının söz azadlığı və ədalətli məhkəmə araşdırması hüququ da daxil olmaqla əsas konstitusion hüquqları pozduğu iddia edilib və “Prezident Donald Trampın miqrasiya tətbiqləri konstitusion hüquqlarımızı pozur” ifadəsinə yer verilib.

Son həftələr ABŞ-ın müxtəlif şəhərlərində, xüsusilə Minneapolis başda olmaqla, ICE-in miqrantlara qarşı əməliyyatlarına etiraz olaraq kütləvi aksiyalar keçirilib. Minnesota ştatının Minneapolis şəhərində ICE əməkdaşları yanvarın 7-də miqrantlara qarşı keçirilən əməliyyat zamanı 37 yaşlı ABŞ vətəndaşı Rene Nikol Maklin Qud adlı qadını avtomobilində güllələyərək öldürmüşdülər. ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem hadisə ilə bağlı açıqlamasında qadının ICE əməkdaşlarını “tapdalamağa cəhd etdiyini və avtomobili ilə onların üzərinə sürdüyünü” iddia etmişdi.

Yanvarın 24-də Minneapolisdə keçirilən etiraz aksiyaları zamanı daha bir şəxs ICE əməkdaşları tərəfindən saxlanılmaq istənilərkən güllələnmişdi. Rəsmi qurumlar ölən şəxsin 37 yaşlı amerikalı tibb işçisi Aleks Ceffri Pretti olduğunu və hadisə zamanı onun üzərində silah olduğunu açıqlamışdı.