Maskın qızı Vivian Uilson “Tesla”ya bənzər robotla qalmaqallı reklamda

İlon Maskın qızı Vivian Cenna Uilson “Desigual”ın “Born to Disobey” kampaniyasının siması olub. Reklamda o, "Tesla Optimus"-u xatırladan humanoid robotla provokativ səhnələrdə görünür.

93

İlon Maskla münasibətlərini kəsmiş qızı Vivian Cenna Uilson İspaniyanın “Desigual” moda brendinin “Born to Disobey” (“İtaətsizlik üçün doğulub”) adlı 2026-cı il payız-qış reklam kampaniyasının siması olub. Kampaniyada Uilson “Tesla”-nın “Optimus” robotunu xatırladan humanoidlə provokativ səhnələrdə yer alıb.

MSNews.az xəbər verir ki, “Desigual” kampaniyanı texnologiya və alqoritmlərin getdikcə daha çox hökm sürdüyü dünyada fərdilik, yaradıcılıq və özünüifadə ideyası üzərində qurub. Reklamdakı humanoid DESI 84 adlandırılır.

Videoda Uilson robotu qayışla gəzdirir, ondan qolf üçün dayaq və bağban kimi istifadə edir, yataq səhnəsində onunla birlikdə görünür və sonda sıradan çıxmış robotu ayaqlarından tutaraq döşəmə ilə sürüyür. “The Impression” kampaniyanın süni intellekt və robot texnologiyalarının insan yaradıcılığını əvəz etməsi ideyasına istehzalı yanaşdığını yazır.

Bununla belə, reklamda istifadə olunan robot Tesla Optimus” deyil. Wilson bildirib ki, çəkiliş zamanı robot obrazını mavi kostyum geyinmiş insan ifa edib, daha sonra vizual effektlər əlavə olunub. “Le Parisien” onun görünüşünün “Tesla Optimus”-a açıq şəkildə bənzədiyini qeyd edir.

Uilson kampaniya çərçivəsində süni intellektin yaradıcı peşələrə təsirini də tənqid edib. “People”a açıqlamasında o, süni intellektin xüsusilə gənclərin iş imkanlarını azaltdığını və insan emosiyasına əsaslanan yaradıcılığı əvəz edə bilməyəcəyini bildirib.

22 yaşlı Uilson 2022-ci ildə adını hüquqi şəkildə dəyişdirib və atasının soyadından imtina edərək anasının soyadı olan Uilsonu götürüb. O, əvvəlki müsahibələrində atası ilə münasibətlərinin pozulmasını onun gender keçidinə münasibəti və trans insanlarla bağlı mövqeyi ilə əlaqələndirib. “Teen Vogue”a müsahibəsində Uilson anasının onu dəstəklədiyini, atasının isə eyni münasibəti göstərmədiyini söyləyib.

Reklamdakı “Optimus”-a bənzər robot və Uilsonun atası ilə uzunmüddətli münaqişəsi kampaniyanın İlon Maska yönəlmiş istehza kimi şərh edilməsinə səbəb olub. Lakin “Desigual” kampaniyanı rəsmi olaraq Mask və ya “Tesla” əleyhinə aksiya kimi deyil, insan fərdiliyinin texnologiya qarşısında qorunması ideyası kimi təqdim edir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.