Cənubi Afrikada “Pikkasso” ləqəbi ilə tanınan rəssam donuz “Pigcasso”nun çəkdiyi rəsmlərin satışından əldə olunan gəlirin 1 milyon dolları keçdiyi bildirilir.
“Business Insider”-in məlumatına görə, heyvan hüquqları müdafiəçisi Coanna Lefson “Pigcasso”-nun əsərlərinin satışından 1 milyon dollardan çox vəsait toplandığını, bu pulların isə sığınacaqda heyvanların qidası, əməkdaşların maaşı, baytarlıq xərcləri və digər ehtiyaclara yönəldildiyini deyib.

“Pigcasso” 2016-cı ildə kəsim məntəqəsindən xilas edilərək Cənubi Afrikanın Franşhuk bölgəsində yerləşən “Farm Sanctuary SA” sığınacağına aparılıb. Sığınacağın rəsmi məlumatına görə, donuz balası tövləyə gətiriləndən sonra ətrafındakı əşyaların çoxunu dağıdıb, lakin fırçalara toxunmayıb. Coanna Lefson bunu qeyri-adi maraq kimi qiymətləndirib, fırçanı heyvanın ağzına uyğunlaşdırıb və bir müddət sonra Pigcasso kətan üzərində rəngli abstrakt işlər yaratmağa başlayıb.
Heyvanın rəssam kimi şöhrəti qısa müddətdə beynəlxalq miqyas alıb. 2018-ci ildə “Pigcasso” Keyptaundakı “V&A Waterfront”-da fərdi sərgi keçirən ilk heyvan-rəssamlardan biri kimi təqdim olunub. Sonrakı illərdə onun işləri Niderland, Almaniya, Fransa, Böyük Britaniya və Çində nümayiş etdirilib.

“Pigcasso”-nun ən məşhur əsərlərindən biri olan “Wild and Free” 2021-ci ildə 20 min funt sterlinqə satılıb. Onun rəsmi saytına görə, bu satış heyvan tərəfindən yaradılmış ən bahalı rəsm əsəri üzrə dünya rekordu kimi təqdim olunub. “Ginnesin Dünya Rekordları” da “Pigcasso”-nun “ən bahalı heyvan rəsmi” rekordu ilə tanındığını bildirir.
Məşhur “rəssam donuz” 2024-cü ilin martında xroniki revmatoid artrit səbəbindən ölüb. Sığınacağın rəsmi məlumatında bildirilir ki, “Pigcasso”-nun sağlamlıq vəziyyəti 2023-cü ilin sentyabrında pisləşib, oktyabrda isə bel nahiyəsində kalsifikasiya və artrit səbəbindən arxa ayaqları ciddi şəkildə zəifləyib. (pigcasso.org)
Pigcasso artıq həyatda olmasa da, onun sənət irsi və satışdan əldə olunan gəlirlər “Farm Sanctuary SA”-nın fəaliyyətini dəstəkləməyə davam edir. Sığınacaq “Pigcasso”-nun hekayəsini sənət, heyvan hüquqları və sənaye heyvandarlığı ilə bağlı maarifləndirmə kampaniyasının simvolu kimi təqdim edir.