Azərbaycanda taksi sürücüləri üçün vergitutma qaydalarının dəyişdirilməsi təklif olunur. Yeni mexanizmə əsasən, sürücülərin gəlirindən asılı olmayaraq ödədikləri sabit 18 manatlıq verginin əvəzinə qazancın 1 faizi həcmində vergi tutulması nəzərdə tutulur.
MSNews.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məlumat verib.
Rəsminin sözlərinə görə, hazırda taksi sürücüləri gəlirlərinin həcmindən asılı olmayaraq fərqlənmə nişanı əsasında sabit vergi ödəyirlər.
Yeni mexanizmdə isə vergi birbaşa taksi sifarişi operatorları tərəfindən sürücüyə çatacaq məbləğdən tutulacaq. Bununla sürücülərin vergi ödənişlərinin inzibatçılığı ilə bağlı yükünün azaldılması hədəflənir.
Nicat İmanov bildirib ki, az qazanan sürücülər daha az, yüksək gəlir əldə edənlər isə daha çox vergi ödəyəcəklər.
Məsələn, təklif olunan 1 faizlik dərəcə tətbiq edilərsə, aylıq 1000 manatlıq vergitutulan məbləğdən 10 manat, 2000 manatdan isə 20 manat vergi hesablanacaq.
Dövlət Vergi Xidmətinin hesablamalarına görə, sürücülərin ödəyəcəyi orta vergi məbləği 18–20 manat ətrafında olacaq. Bununla belə, aşağı gəlirli sürücülərin vergi yükünün azalacağı gözlənilir.
Yeni qaydaların 2027-ci ildən tətbiqi planlaşdırılır. Hazırda dəyişikliklər Vergi Məcəlləsinə təklif olunan qanun layihəsi çərçivəsində müzakirə edilir və hələ qüvvəyə minməyib.