Avqustun 28-də 2026-cı ilin son tutulması – qismən Ay tutulması baş verib.
MSNews.az xəbər verir ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, astronomik hadisə Bakı vaxtı ilə saat 05:23-də başlayıb və 11:01-də başa çatıb.
Qismən Ay tutulması zamanı Ay diskinin yalnız müəyyən hissəsi Yer kürəsinin tam kölgəsinə – umbraya daxil olur. Buna görə Ay tam tutulmada olduğu kimi bütövlükdə Yerin kölgəsində qalmır.
Azərbaycanda isə hadisəni aydın şəkildə izləmək mümkün olmayıb.
Rəsədxananın məlumatına görə, Bakıda saat 05:35 radələrində mülki alaqaranlıq başlayıb və səma sürətlə işıqlanıb. Tutulmanın Azərbaycandan görünə biləcək ilkin hissəsi isə yarımkölgəli mərhələyə təsadüf edib.
Yarımkölgəli fazada Ay Yerin tam kölgəsinə deyil, yarımkölgəsinə daxil olduğundan onun görünüşündə kəskin dəyişiklik baş vermir. Ay diskinin parlaqlığı yalnız cüzi azalır və bu fərqi adi gözlə müəyyən etmək çətin olur.
Qismən Ay tutulmasının baş verməsi Ayın orbitinin xüsusiyyətləri ilə əlaqədardır. Ayın Yer ətrafındakı orbit müstəvisi Yerin Günəş ətrafındakı orbit müstəvisinə təxminən 5 dərəcə meyillidir. Buna görə Günəş, Yer və Ay hər dolunay zamanı tutulma üçün lazım olan mövqeyə düşmür.
Ay tutulması yalnız dolunay zamanı Ay orbitinin düyünlərindən birinin yaxınlığında olduqda baş verə bilər. Qismən tutulmada isə Ay diskinin yalnız bir hissəsi Yerin umbrasından keçir.
2026-cı ildə ümumilikdə dörd tutulma – iki Günəş və iki Ay tutulması baş verib. Avqustun 28-dəki qismən Ay tutulması ilin sonuncu belə astronomik hadisəsi olub.
2027-ci ildə isə ümumilikdə beş tutulma – iki Günəş və üç Ay tutulması gözlənilir.
Onlardan bəzilərini Azərbaycandan da müşahidə etmək mümkün olacaq. Xüsusilə 2 avqust 2027-ci ildə baş verəcək Günəş tutulması Azərbaycan üçün diqqətçəkən astronomik hadisələrdən biri olacaq.
Azərbaycan tam tutulma zolağından kənarda yerləşəcəyinə görə ölkə ərazisində Günəş tam deyil, qismən tutulmuş şəkildə görünəcək.