ABŞ-ın Azərbaycandakı səfirliyindən Vaşinqtona göndərilən məxfi diplomatik teleqramlar İranla müharibənin regionda, xüsusilə Azərbaycanda ABŞ-a münasibəti mənfi istiqamətdə dəyişdirdiyini ortaya qoyur. Bu barədə “Politico” nəşrinin əldə etdiyi sənədlərdə bildirilir.
Məlumata görə, ABŞ-ın Azərbaycan, Bəhreyn və İndoneziyadakı diplomatik nümayəndəliklərindən Dövlət Departamentinə göndərilmiş teleqramlarda İranla münaqişənin Vaşinqtonun qlobal təhlükəsizlik əlaqələrinə ciddi risk yaratdığı və müsəlman dünyasında ölkənin reputasiyasına zərbə vurduğu vurğulanır.
ABŞ Dövlət Departamenti sənədlərinə əsasən, səfirliklər yerli media və sosial şəbəkələrdə ABŞ-ın “proiran informasiya təsiri” ilə üzləşdiyini qeyd edir. Diplomatik yazışmalarda bildirilir ki, İran tərəfdarı qüvvələr rəqəmsal mühitdə daha çevik və operativ fəaliyyət göstərərək ABŞ narrativlərini sıxışdırır.
Azərbaycanla bağlı hissədə qeyd olunur ki, son dövrlərdə yaxşılaşma tendensiyası göstərən münasibətlər artıq durğunluq mərhələsinə keçib və hətta geriləmə əlamətləri müşahidə olunur. Teleqramlarda bildirilir ki, yerli medianın əksəriyyəti münaqişənin başlanmasına görə məsuliyyəti ABŞ və İsrailin üzərinə qoyur, eyni zamanda onların müharibəni necə başa çatdıracaqlarına dair aydın strategiya təqdim etmədiyini tənqid edir.
Sənədlərə görə, fevralın 28-də ABŞ və İsrailin İrana zərbələrindən sonra Azərbaycan mediası ilkin mərhələdə neytral mövqe tutsa da, aprel ayında Vaşinqtona qarşı tənqidi ton güclənib. Bununla yanaşı, sosial şəbəkələrdə antiamerikan mövqelər artsa da, ölkədə proiran simpatiyanın əhəmiyyətli dərəcədə yüksəlmədiyi vurğulanır. Səbəb kimi Azərbaycan cəmiyyətinin dünyəvi xarakteri və Tehrandakı rejimə ehtiyatlı münasibəti göstərilir.
Diplomatik teleqramlarda həmçinin qeyd edilir ki, ABŞ səfirliklərinə İranla bağlı müstəqil informasiya kampaniyaları aparmaq imkanı verilməyib. Onlara yalnız Ağ ev və ya Dövlət Departamenti tərəfindən təsdiqlənmiş mesajları paylaşmaq icazəsi verilib. Bu isə informasiya mübarizəsində çevik reaksiyanı çətinləşdirən əsas amillərdən biri kimi qiymətləndirilir.
İndoneziya və Bəhreyn üzrə teleqramlarda isə vəziyyətin daha həssas olduğu qeyd olunur. Bəhreyndə ABŞ-ın müttəfiqini İranın mümkün hücumları qarşısında tək qoyub-qoymadığı sualı gündəmdədir, İndoneziyada isə ABŞ ilə təhlükəsizlik əməkdaşlığının azaldılması çağırışları artır.
Məsələ ilə bağlı açıqlama verən Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, ABŞ administrasiyasının addımları İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib və bu siyasət qlobal təhlükəsizliyi gücləndirir.
Diplomatik yazışmaların ümumi mənzərəsi isə belədir: İranla müharibə uzandıqca ABŞ-ın həm ictimai, həm də siyasi səviyyədə etimadı zəifləyə bilər. Səfirliklər bu səbəbdən Vaşinqtondan informasiya sahəsində daha geniş manevr imkanları tələb edir.