ABŞ vitse-prezidenti Vensin “abidə” paylaşımını silməsi erməni lobisini qəzəbləndirdi

ABŞ vitse-prezidenti Cey Di Vensin İrəvanda ziyarət etdiyi abidə ilə bağlı paylaşımını silməsi ABŞ-dakı ən böyük erməni lobisi olan ANCA-nın sərt reaksiyasına səbəb olub.

29

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri zamanı İrəvanda yerləşən abidə ilə bağlı paylaşımını sosial şəbəkədən silməsi ABŞ-dakı erməni lobisinin ciddi narazılığına səbəb olub. ABŞ-də fəaliyyət göstərən ən böyük erməni lobisi olan Amerika Erməni Milli Komitəsi (ANCA) bu addımı açıq şəkildə tənqid edib.

Vens həyat yoldaşı Uşa Venslə birlikdə Ermənistanın paytaxtı İrəvanda abidəni ziyarət edib və səfərlə bağlı “X” sosial platformasında paylaşım edib. Lakin paylaşım qısa müddət sonra silinib. Bundan sonra Ağ Evin mətbuat katibi Teylor Van Kirk öz “X” hesabında abidə ziyarətinə dair bəzi fotolar yayımlayıb.

ANCA-nın “X” hesabında yayımlanan açıqlamada Vensin paylaşımı silməsinə etiraz bildirilib və daha sonra vitse-prezidentin ofisinin “qondarma erməni soyqırımı” ifadəsi çıxarılmış yeni paylaşım etdiyi iddia olunub. Açıqlamada ABŞ-ın bir sıra ştatlarının, Konqresin, Ağ Evin və NATO müttəfiqlərinin sözügedən iddiaları tanıdığı vurğulanaraq, Vensin addımının ABŞ Prezidenti Donald Trampın bu mövzuda “geri addım atması” kimi qiymətləndirildiyi bildirilib.

Məlumata görə, Ağ Evə bağlı sosial media hesablarından birində Vensə “abidəni niyə ziyarət etdiniz?” sualına verdiyi cavabın yer aldığı video da qısa müddət sonra silinib. Həmin videoda vitse-prezidentin Azərbaycan səfəri çərçivəsində də mühüm məkanları ziyarət edəcəyini söylədiyi, erməni rəsmilərinin isə ona abidənin “çox önəmli yer” olduğunu bildirdiyi yer alıb.

ANCA-nın digər paylaşımında təşkilatın rəhbərlərindən Aram Hamparyan Türkiyənin Vensi paylaşımını silməyə məcbur etdiyini iddia edib.

Qeyd edək ki, ANCA uzun illərdir 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının ABŞ miqyasında tanınması və mümkün hallarda Türkiyəyə qarşı sanksiyaların tətbiqi istiqamətində fəaliyyət göstərən əsas anti-Türkiyə yönlü təşkilatlardan biri kimi tanınır.