Ermənistanda Birinci Respublika Günü münasibətilə hərbi parad keçirilib. Paytaxt İrəvanda təşkil olunan paradda Ermənistanın son illərdə müxtəlif ölkələrdən aldığı yeni silah və hərbi texnikalar nümayiş etdirilib.
Paradda göstərilən hərbi texnika və silahların imkanları, eləcə də onların Azərbaycan üçün gələcəkdə yarada biləcəyi mümkün risklər və siyasi mesajlarla bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrəndik.

Hərbi ekspert bildirib ki, Ermənistanın indiki mərhələdə hərbi parad keçirməsi daha çox siyasi və daxili auditoriyaya hesablanmış addım kimi qiymətləndirilməlidir.
“Dörd dəfə ardıcıl kapitulyasiya aktı imzalayan bir ölkənin hərbi parad keçirməsi faktına ilk dəfədir ki, rast gəlirəm. Ermənistan çox kiçik miqdarda da olsa, bir çox ölkələrdən, xüsusilə Fransa, Rusiya, Hindistan, Çin və İrandan aldığı texnikaları ilk dəfə nümayiş etdirib”, — deyə Ədalət Verdiyev qeyd edib.
Onun sözlərinə görə, paradda Ermənistan ordusunun daha əvvəl istifadə etdiyi, lakin 2016-cı ildə keçirilən hərbi paradda nümayiş etdirilməyən bəzi silah və texnikalar da diqqət çəkib. Ekspert bu sırada əsasən Rusiya istehsalı olan sistemləri, o cümlədən “Tor” zenit-raket komplekslərini və TOS-1A odsaçan sistemlərini qeyd edib.
Ədalət Verdiyev bildirib ki, paradda daha çox Hindistandan alınan silah və hərbi texnikalar ön plana çıxıb. Lakin ekspertin fikrincə, bu sistemlər indiyədək müharibələrin gedişində ciddi dönüş yaradan silahlar kimi tanınmayıb.
“Ermənistanın aldığı bu silah və texnikalar indiyədək olan müharibələrin heç birində xüsusi dönüş yaratmış texnikalar və silahlar deyil. Hətta bunlardan bəziləri hələlik Ermənistandan başqa heç bir ölkəyə satılmayıb. Məsələn, İrandan alınan ‘AD-08 Majid’ yaxın mənzilli hava hücumundan müdafiə sistemləri. Bu HHM kompleksini indiyədək Ermənistandan başqa heç bir dövlət almayıb. Maraqlı olan budur ki, bu komplekslər İran səmasının müdafiəsi zamanı heç nə ilə yadda qalmayıb”, — hərbi ekspert vurğulayıb.
Verdiyev hesab edir ki, Azərbaycan tərəfi paradda nümayiş etdirilən bütün silah sistemlərini diqqətlə izləyir və onların texniki imkanları, təyinatı, yerləşdirilə biləcəyi istiqamətlər üzrə ciddi təhlillər aparır.
“Əminəm ki, bu gün Ermənistanda hərbi paradda təqdim edilən bu silah və texnikaları dövlətimizin aidiyyəti qurumları və mütəxəssislər çox diqqətlə izləyir, onların imkanları, təyinatı və yerləşdirilə biləcəyi ərazilər barədə ciddi təhlillər aparır”, — ekspert bildirib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı vəziyyətdə Azərbaycanı hər hansı ayrıca silah sistemi ilə ciddi şəkildə təhdid etmək imkanları məhduddur. Verdiyev bu paradın daha çox Nikol Paşinyanın siyasi kursunun, xüsusilə Ermənistanı Rusiyanın təsirindən çıxarmaq xəttinin və seçki kampaniyası ritorikasının tərkib hissəsi kimi qiymətləndirilməli olduğunu deyib.
“Düşünmürəm ki, Ermənistan indiki vəziyyətində Azərbaycanı hansısa bir silah sistemi ilə təhdid etmək niyyətində olsun. Bu parada daha çox Ermənistanı Rusiyanın təsirindən çıxarmaq məqsədilə Paşinyanın seçki kampaniyasının tərkib hissəsi kimi baxmaq lazımdır. Paradda görünən budur ki, ciddi imkanlara malik kritik silahlar alınmayıb. Alınan silahların sayı Ermənistan ordusunun Vətən müharibəsində itirdiyi silah və texnikaların heç 10 faizini təşkil etmir”, — Ədalət Verdiyev əlavə edib.
Ekspertin qənaətinə görə, Ermənistanın hərbi paradı Bakı üçün diqqətlə izlənilməli proses olsa da, nümayiş etdirilən texnikalar hazırkı mərhələdə regionda hərbi balansı dəyişəcək səviyyədə qiymətləndirilmir.