İsrailin nüfuzlu “Haaretz” nəşrinin yaydığı məlumata görə, Türkiyə Qəzza ilə bağlı yaradılması planlaşdırılan çoxmillətli güc mövzusunda keçiriləcək Doha toplantısına dəvət edilməyib. Toplantıya ümumilikdə 45 ölkə çağırıldığı halda, Türkiyənin siyahıdan çıxarılması diqqət çəkib.
Dəvət olunan ölkələr arasında Yaponiya, İtaliya, Finlandiya, eləcə də BMT üzvü olmayan Kosovonun belə yer almasına baxmayaraq, Türkiyə toplantıdan kənarda saxlanılıb.
Diplomatik mənbələr bildiriblər ki, Türkiyənin Qəzza ilə bağlı danışıqlardan kənarlaşdırılmasının yeganə səbəbi İsrailin vetosudur. Məlumata görə, İsrail Türkiyənin müharibədən sonrakı dövrdə Qəzzada rol almasına və çoxmillətli gücün tərkibində iştirakına qəti şəkildə qarşı çıxır.
Bir Qərb diplomatı və Ankaraya yaxın ərəb mənbə “Haaretz” qəzetinə Türkiyənin toplantıya dəvət almadığını təsdiqləyib. Digər bir Qərb rəsmisi isə Türkiyənin iştirak etməyəcəyinin əvvəlcədən məlum olduğunu və Ankara nümayəndə heyətinə rəsmi dəvət göndərilmədiyini bildirib.
“Haaretz”-in Ankaraya yaxın mənbəyə istinadla yazdığına görə, oktyabr ayında Şarm əl-Şeyxdə keçirilən sülh sammitinə dəvət alan və ABŞ ilə Qətərlə münasibətləri yüksək səviyyədə olan Türkiyənin bu toplantıdan kənarda qalmasının tək izahı İsrailin mövqeyidir.
Qeyd olunur ki, Türkiyə İsrail və HƏMAS arasında atəşkəsi nəzərdə tutan “Şarm bəyannaməsi”ni imzalayıb və çoxmillətli gücə qoşulmağa hazır olduğunu bəyan edib. Bu təşəbbüsə qarşı çıxan yeganə tərəf isə İsrail olub.
Eyni mənbə Doha və Ankaranın Vaşinqton üzərində Türkiyənin konfransa dəvət olunması üçün diplomatik təzyiq göstərdiyini də açıqlayıb.
Dəvət olunan ölkələr sırasında Misir, İordaniya, Azərbaycan, Pakistan, BƏƏ, İtaliya, eləcə də Yəmən, Küveyt, Qazaxıstan, Özbəkistan, Avropa və Asiya–Sakit okean regionundan bir sıra dövlətlər yer alır. BMT üzvü olmayan Kosovo da siyahıya daxil edilib.
Bir Qərb diplomatının sözlərinə görə, Doha toplantısı ara mərhələ xarakteri daşıyır və hələlik yekun qərar gözlənilmir. Oxşar görüş iki həftə əvvəl Vaşinqtonda keçirilib. Yanvar ayında isə baş qərargah rəisləri səviyyəsində daha bir toplantının keçirilməsi planlaşdırılır.