Türkiyə Qara dənizə gedən bəzi gəmilərin keçidini məhdudlaşdırıb

Türkiyə Qara dənizdə kommersiya gəmilərinə dron hücumlarının artması fonunda Rusiya və Ukrayna istiqamətində hərəkət edən bəzi gəmilərin boğazlardan keçidinə nəzarəti sərtləşdirib. Novorossiyskə gedən bir sıra gəmilərin icazələri gecikdirilir.

54

Türkiyə Qara dənizdə kommersiya gəmilərinə qarşı dron hücumlarının artması fonunda Rusiya və Ukrayna istiqamətində üzən bəzi gəmilərin Türk boğazlarından keçidinə nəzarəti sərtləşdirib.

MSNews.az xəbər verir ki, “Bloomberg” məsələdən məlumatlı mənbələrə istinadən Türkiyənin Qara dənizə daxil olan kommersiya gəmiçiliyinə əlavə məhdudiyyətlər tətbiq etdiyini bildirib. Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinin Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına gedən bir sıra gəmilərin keçid icazələrini saxladığı və ya müraciətlərin yoxlanmasını uzatdığı bildirilir. Bəzi Ukrayna istiqamətli gəmilər də əlavə yoxlamaya cəlb olunub.

Bununla belə, söhbət hazırda Qara dənizə gedən bütün kommersiya gəmilərinin keçidinin dayandırılmasından getmir. Gəmi izləmə məlumatlarına görə, Türkiyə və Bolqarıstan limanlarına üzən gəmilər Çanaqqala boğazından şimal istiqamətində hərəkətini davam etdirir. Məhdudiyyətlərin nə qədər davam edəcəyi və konkret olaraq hansı marşrutlara şamil ediləcəyi barədə Türkiyə hakimiyyətinin rəsmi açıqlaması hələ verilməyib.

Təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi Qara dənizdə Türkiyə ilə əlaqəli gəmilərə qarşı hücumların çoxaldığı vaxta təsadüf edir. “Reuters” avqustun 4-də Türkiyənin Samsun limanına gedən “Nadezhda” Ro-Ro gəmisinin Novorossiyskdən təxminən 20 dəniz mili aralıda dron hücumuna məruz qaldığını bildirib. Hadisədə üç ekipaj üzvü ağır yaralanıb, gəmidəki 22 nəfərin hamısı təxliyə edilib. Hücumun kim tərəfindən həyata keçirildiyi təsdiqlənməyib.

Türkiyə Xarici İşlər Nazirliyi bundan əvvəl də Qara dənizdə Türkiyə şirkətlərinə məxsus gəmilərə hücumlarla bağlı narahatlığını açıqlamışdı. Mayın 28-də Odessadan Türkiyəyə gedən Türkiyə sahibinə məxsus, Vanuatu bayraqlı gəmi PUA hücumuna məruz qalmış və iki Türkiyə vətəndaşı yaralanmışdı. İyunun 22-də isə Çornomorsk yaxınlığında Türkiyə sahibinə məxsus başqa bir gəminin vurulması nəticəsində daha iki Türkiyə vətəndaşı yaralanmışdı. Ankara müharibə tərəflərini Qara dənizdə sivil gəmiçiliyin təhlükəsizliyini qorumağa çağırıb.