“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq portuqaliyalı ulduz Kriştianu Ronaldunu yenidən sərt tənqid edib. Niderlandlı mütəxəssis futbolçunun son 7–8 ildə əvvəlki səviyyəsində çıxış edə bilmədiyini və “Real Madrid”in onunla vaxtında yollarını ayırdığını bildirib.
MSNews.az xəbər verir ki, Ten Haq bu fikirləri “ESPN” telekanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Ronaldu futbol tarixinin ən böyük oyunçularından biri olsa da, artıq əvvəlki fiziki və oyun səviyyəsini qorumaqda çətinlik çəkir.
“Heç bir anlaşılmazlıq olmasın. Kriştianu möhtəşəm futbolçudur, bütün dövrlərin ən yaxşılarından biridir. Amma reallıq budur ki, son 7–8 ildə əvvəlki səviyyəsini göstərə bilmir. ‘Yuventus’ dövründən etibarən hər şey faktiki olaraq bitmişdi”, – Ten Haq bildirib.
Niderlandlı məşqçi “Real Madrid”in ulduz futbolçularla yollarını ayırmaq siyasətini də yüksək qiymətləndirib.
“‘Real Madrid’in ən böyük üstünlüyü oyunçularla nə vaxt vidalaşmalı olduğunu bilməsidir. Klub futbolçunun səviyyəsinin aşağı düşdüyünü anlayır və kənardan hələ zirvədə göründüyü vaxt onunla yollarını ayırır”, – deyə mütəxəssis vurğulayıb.
Ten Haq Ronaldunun “Mançester Yunayted”də çıxış etdiyi dövrdə komandanın tələb etdiyi fiziki hazırlıq səviyyəsinə çatmadığını da iddia edib.
Xatırladaq ki, Ronaldu ilə Ten Haq arasında münasibətlər 2022-ci ildə kəskinləşmişdi. Portuqaliyalı ulduz məşqçini ona hörmətsizlik etməkdə ittiham etmiş, həmin ilin noyabrında isə klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmişdi.