İspaniyanın ikinci liqasında keçirilən “Tenerife” – “Andorra” qarşılaşmasında ağır hadisə baş verib. Meydan sahiblərinin hücumçusu Xesus de Migel rəqib qapıçı ilə toqquşmadan sonra huşunu itirib. Futbolçunun ürək və tənəffüs fəaliyyəti dayandığı üçün ona təcili tibbi müdaxilə edilib.
MSNews.az xəbər verir ki, hadisə noyabrın 2-də, qarşılaşmanın əlavə olunmuş dəqiqələrində baş verib. “Andorra”nın qapıçısı Xesus Ovono topu uzaqlaşdırmağa çalışarkən diz nahiyəsi ilə “Tenerife”nin hücumçusunun sinəsinə güclü zərbə vurub.
İspaniyanın “Diario de Avisos” nəşrinin məlumatına görə, De Migelin ürək və tənəffüs fəaliyyəti dayanıb, lakin həkimlərin reanimasiya tədbirlərindən sonra nəbzi bərpa olunub. Futbolçunun müstəqil nəfəs almağa başladığı, bununla belə, huşsuz vəziyyətdə qaldığı bildirilib.
Meydanda bir neçə dəqiqə tibbi yardım göstərilən futbolçu daha sonra təcili tibbi yardım maşını ilə Nuestra Señora de la Candelaria Universitet Xəstəxanasına aparılıb.
“Reuters” agentliyinin məlumatına görə, De Migelin vəziyyəti sabitləşsə də, o, xəstəxanaya yerləşdirildiyi vaxt huşsuz olub. Həkimlər futbolçunun vəziyyətini nəzarətdə saxlayırlar.
Hadisədən sonra baş hakim “Andorra”nın qapıçısı Xesus Ovonoya qırmızı vərəqə göstərib. Futbolçunun vəziyyətinin ciddiliyini nəzərə alan hakim və komandalar oyunun dayandırılması barədə qərar qəbul ediblər.
Qarşılaşma 2:2 hesabı ilə yarımçıq qalıb. “Tenerife” klubunun futbolçunun vəziyyəti ilə bağlı daha ətraflı tibbi məlumat açıqlaması gözlənilir.