Argentina millisi DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verdeni əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
MSNews.az xəbər verir ki, qarşılaşma Mayamidə keçirilib və son dünya çempionu Argentina gözləniləndən daha ağır sınaqla üzləşib. Argentinaya qələbə gətirən qol əlavə vaxtın 111-ci dəqiqəsində vurulub.
Oyunda hesabı 29-cu dəqiqədə Lionel Messi açıb. Bu, Messinin turnirdə 7-ci, dünya çempionatları tarixində isə 20-ci qolu olub. Kabo-Verde 60-cı dəqiqəyə yaxın Deroy Duartenin qolu ilə hesabı bərabərləşdirib.
Əlavə vaxtın əvvəlində Lisandro Martinez Argentinanı yenidən önə keçirib. Lakin Kabo-Verde təslim olmayıb və 103-cü dəqiqədə Sidni Lopes Kabralın qolu ilə hesabı 2:2 edib. Bundan sonra Argentina təzyiqi artırıb və Messinin künc zərbəsindən sonra yaranan epizodda top qapıdan keçib.
Kabo-Verde məğlub olsa da, turnirin ən diqqətçəkən komandalarından biri kimi yadda qalıb. Mundialda debüt edən Afrika təmsilçisi iki dəfə hesabda geri düşməsinə baxmayaraq, sonadək mübarizə aparıb və Argentina qapıçısı Emiliano Martinez oyunun son dəqiqələrində komandasını xilas etməli olub.
Bu qələbədən sonra Argentina 1/8 finalda Misirlə qarşılaşacaq. Misir əvvəlki mərhələdə Avstraliyanı penaltilər seriyasında məğlub etmişdi.