Portuqaliya millisinin hücumçusu Rafael Leau DÇ-2026 öncəsi Çili ilə yoldaşlıq oyununda qırmızı vərəqə alıb.
MSNews.az xəbər verir ki, “ESPN”in məlumatına görə, insident birinci hissənin sonlarında baş verib. Leau Çili millisinin müdafiəçisi İvan Romanla qarşıdurma zamanı rəqibinə zərbə endirdiyi üçün meydandan qovulub.
“FOX Sports” yazır ki, epizod Portuqaliya futbolçusu Joau Kanselu ilə Çili oyunçularından biri arasında yaranan gərginlikdən sonra böyüyüb. Qarşıdurmaya qoşulan Leau və Roman bir-biri ilə mübahisə edib, bundan sonra baş hakim hər iki futbolçuya birbaşa qırmızı vərəqə göstərib.
“Sports.ru”un məlumatına görə, Leau əvvəlcə Romanı itələyib, daha sonra onu boyun nahiyəsindən tutub və üzünə zərbə endirib. Nəşr epizodun oyunun 45-ci dəqiqəsində baş verdiyini yazıb.
Buna baxmayaraq, Portuqaliya millisi oyunda 2:1 hesablı qələbə qazanıb. “AS”ın məlumatına görə, Portuqaliyanın qollarını Qonsalu Gedeş və Bruno Fernandeş vurub. Çili millisinin yeganə qoluna isə Lukas Sepeda imza atıb.
“talkSPORT” yazır ki, Leauya qarşı əlavə intizam tədbiri tətbiq edilib-edilməyəcəyi FIFA-nın qərarından asılı olacaq. Hazırda onun DÇ-2026 oyunlarını buraxıb-buraxmayacağı ilə bağlı rəsmi qərar açıqlanmayıb.