TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov qurumda genişmiqyaslı kadr islahatlarına başlayıb. Onun imzaladığı əmrlərlə bir sıra yüksəkvəzifəli şəxslər tutduqları postlardan azad olunublar.
MSNews.az-ın məlumatına görə, müşavirlər Zeynal Bayramlı, Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu vəzifələrindən çıxarılıblar. Eyni zamanda, qurumdakı digər müşavirlərin də ərizələrinin alındığı bildirilir.
Bununla yanaşı, digər əmrlə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də vəzifəsindən azad edilib.
Hazırda işdən çıxarılan şəxslərin yerinə yeni təyinatların həyata keçirilmədiyi qeyd olunur.
Xatırladaq ki, Anar Bayramov aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunub. Yeni rəhbərliyin ilk addımlarından biri kimi qiymətləndirilən bu dəyişikliklərin yaxın dövrdə qurumun idarəetmə strukturuna necə təsir edəcəyi maraq doğurur.