Şəki rayonunun Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində qurğunun trosunun qırılması nəticəsində iki nəfər yüksəklikdən yıxılaraq həyatını itirib. Hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma başlanılıb.
MSNews.az xəbər verir ki, TƏBİB-in məlumatına əsasən, sentyabrın 8-də saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə istirahət mərkəzində baş vermiş hadisə ilə bağlı çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Həkimlər iki kişinin həkiməqədər ölüm faktını qeydə alıblar.
İlkin məlumata görə, faciə istirahət mərkəzindəki qurğunun trosunun qırılması nəticəsində baş verib və iki nəfər yüksəklikdən yerə düşüb.
MSNews.az-ın məlumatına görə, həyatını itirən şəxslər Coşqun Məmmədov və Ucal Bayramovdur. Coşqun Məmmədovun Qax rayonunun Zərnə kənd sakini olduğu və Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirir.
Hadisənin dəqiq səbəbləri və qurğunun texniki vəziyyəti barədə hələlik rəsmi yekun açıqlama verilməyib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilir.