NATO Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlıq çərçivəsində müdafiə strategiyasını yenidən nəzərdən keçirir. Alyansın hərbi rəhbərliyi potensial Rusiya hücumunun qarşısını almaq üçün təkcə irəliləyən qoşunlara deyil, həm də Rusiya ərazisinin dərinliklərində yerləşən hərbi bazalara, təchizat anbarlarına və müdafiə sənayesi obyektlərinə uzaqmənzilli zərbələr endirilməsi imkanlarını müzakirə edir.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 3-də “The Wall Street Journal” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Ukraynadakı müharibənin təcrübəsi NATO-nun Avropanın müdafiəsinə dair yanaşmalarını dəyişməsinə səbəb olub.
İyun ayında NATO tarixində ilk dəfə düşmən ərazisinin dərinliklərinə yüksək dəqiqlikli zərbələrin endirilməsinə həsr olunmuş xüsusi simpozium keçirilib.
İyunun 17-də Belçikadakı Müttəfiq Qüvvələrin Avropadakı Ali Qərargahında (SHAPE) təşkil edilən tədbirə NATO-nun Avropadakı qüvvələrinin ali baş komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksus Qrinkeviç rəhbərlik edib.
Tədbirdə alyansa üzv ölkələrin yüksəkvəzifəli hərbi nümayəndələri və müdafiə sənayesinin təmsilçiləri iştirak ediblər. NATO-nun rəsmi məlumatında uzaq məsafələrə dəqiq zərbə imkanlarının inkişaf etdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılması müzakirə mövzusu kimi göstərilib.
Məlumata görə, NATO-nun nəzərdən keçirdiyi konsepsiya mümkün Rusiya hücumu zamanı əvvəlcə irəliləyən qüvvələrin dayandırılmasına, daha sonra isə hücumun davam etdirilməsi üçün zəruri hərbi infrastrukturun sıradan çıxarılmasına əsaslanır.
Bu çərçivədə Rusiya ərazisindəki hərbi bazalar, komandanlıq məntəqələri, təchizat anbarları, rabitə sistemləri və müdafiə sənayesi obyektləri potensial hədəflər kimi nəzərdən keçirilir.
General Qrinkeviçin təqdim etdiyi yanaşmaya əsasən, məqsəd yalnız hücum edən hərbi qüvvələri dayandırmaq deyil, onların təchizatını, idarə olunmasını və döyüş qabiliyyətini təmin edən sistemi də zəiflətməkdir.
Yeni strategiyada ABŞ-nin Tomahawk və ATACMS, Avropa ölkələrinin isə Storm Shadow/SCALP və Taurus kimi uzaqmənzilli raket sistemləri mühüm yer tutur.
Bununla yanaşı, alyans ölkələri daha ucuz, kütləvi istehsalı mümkün olan yüksək dəqiqlikli raket və pilotsuz uçuş aparatlarının hazırlanmasını da nəzərdən keçirirlər.
“RBC” nəşrinin məlumatına görə, NATO rəhbərliyi bu yanaşmanı Rusiyanın mümkün hücumunun qarşısını almaq üçün çəkindirmə vasitəsi hesab edir.
Polşa ordusunun general-mayoru İreneuş Novak bildirib ki, Ukrayna müharibəsindən çıxarılan əsas dərslərdən biri müdafiənin yalnız düşmən zərbələrini dəf etməklə məhdudlaşmamasıdır.
Onun sözlərinə görə, Rusiya ilə müharibə baş verərsə, NATO-nun Rusiyanın hərbi-sənaye potensialına zərbə endirmək imkanına malik olması vacibdir.
“Rusiya ilə müharibə vəziyyətində onun müdafiə sənayesi bazasına zərbə endirmək istərdik. Dərinliklərə yüksək dəqiqlikli zərbələr çəkindirmə vasitəsi kimi nəzərdən keçirilməlidir”, – deyə Novak bildirib.
Bununla belə, NATO-nun nəzərdən keçirdiyi konsepsiya nüvə silahlarından istifadəni nəzərdə tutmur. Əsas diqqət adi silahlarla həyata keçirilən yüksək dəqiqlikli əməliyyatlara yönəldilir.
NATO-nun müzakirələri Rusiyaya qarşı dərhal hərbi əməliyyatlara başlanılması barədə qərar anlamına gəlmir.
General Qrinkeviç daha əvvəl Avropada müharibəni qaçılmaz və ya yaxın hesab etmədiyini, lakin alyansın mümkün təhlükələrə hazır olmalı olduğunu vurğulayıb.
Eyni zamanda, strategiyanın praktiki tətbiqi üçün NATO ölkələrinin siyasi razılığı, kifayət qədər uzaqmənzilli silah ehtiyatları və müvafiq hərbi imkanlar tələb olunur.